Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan "Air India" təyyarəsinin faciəvi sonluğuna çox sadə bir səhv səbəb ola bilər. Qəza ilə bağlı gündəmə damğa vuran iddia isə beynəlxalq medianın diqqət mərkəzinə çevrilib.
Qaynarinfo xəbər verir ki, Əhmədabad şəhərində yerləşən Sardar Vallabhbhai Patel beynəlxalq hava limanından Londondakı "Gatwick" hava limanına yollanan "Air India"ya məxsus sərnişin təyyarəsi iki gün əvvəl havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. "Air India" hava yolları şirkəti "Air India 171" reysində 242 sərnişin və heyət üzvünün olduğunu, onlardan 169 nəfərinin Hindistan, 53 nəfərinin Böyük Britaniya, 1 nəfərinin Kanada, 7 nəfərinin isə Portuqaliya vətəndaşı olduğunu açıqlayıb.
Şirkət qəzada 241 nəfərin həlak olduğunu, yalnız bir nəfərin sağ qaldığını və müalicə aldığını təsdiqləyib. Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, Hindistanın mülki aviasiya naziri Ram Moxan Naidu məsələ ilə bağlı araşdırma başladıldığını bəyan edib.
Təyyarədən sağ çıxan yeganə sərnişin, 40 yaşlı Rameş Vışvaşkumar baş verənləri belə təsvir edib: "Havaya qalxdıqdan təxminən 30 saniyə sonra güclü bir gurultu eşidildi və təyyarə yerə çırpıldı. Hər şey çox sürətlə baş verdi".
Çox sadə bir səhv ola bilər
Londona yola düşən "787 Dreamliner" tipli təyyarə havaya qalxdıqdan az sonra hündürlük itirməyə başlayıb və Qucarat ştatının Əhmədabad şəhərindəki yaşayış sahəsinin üzərinə düşərək alova bürünüb.
Qəzanın səbəbi hələ də məlum olmasa da, kommersiya təyyarələrinin qəzalarını təhlil edən və "YouTube" platformasında fəaliyyət göstərən pilot, Kapitan Stiv hadisə ilə bağlı diqqətçəkən bir ehtimal irəli sürüb. "Daily Mail" nəşrində yer alan xəbərə görə, 200-dən çox insanın həyatını itirdiyi qəzanın səbəbi son dərəcə sadə bir səhv ola bilər.
Kapitan Stiv baş verənləri belə izah edir: "Düşünürəm ki, təyyarəni idarə edən pilot köməkçi pilota vaxtında eniş təkərlərini toplamasını tapşırıb. Amma köməkçi pilot səhvən flap (qanadın istiqamətləndirici hissəsi) qolunu çəkərək flapları yığıb, yəni qanadları qaldırmaq əvəzinə, flapları yığaraq qaldırma qüvvəsini azaldıb. Əgər bu, doğrudursa, təyyarənin niyə havada qala bilmədiyini böyük ölçüdə izah edir".
Stiv qeyd edib ki, flapların yığılması nəticəsində təyyarə sürətlə hava müqavimətini və hündürlüyü itirər və pilot bu vəziyyəti idarə etməkdə çətinlik çəkərdi. O, nəzəriyyəsini belə izah edib:
"787 model təyyarənin kompozit qanadları adətən qalxış zamanı yuxarı doğru əyilir; bu, havaya qalxmağı təmin edən qaldırma qüvvəsinin nəticəsidir. Amma "Air India" təyyarəsinin qalxışı zamanı belə bir əyilmə müşahidə olunmayıb. Bu da, təyyarənin qalxışını təmin edən flapların səhvən yığıldığına dair iddiaları gücləndirir".
Cəmi 10 dəqiqə gecikdi, möcüzəvi şəkildə sağ qaldı
Digər tərəfdən, "Air India" təyyarəsini cəmi 10 dəqiqə fərqlə qaçıran bir sərnişin qəzanın dəhşətindən möcüzəvi şəkildə xilas olub.
BBC-yə danışan Bxumi Çauhan adlı sərnişin bildirib ki, Əhmədabad hava limanına yola çıxıblar, lakin tıxac səbəbindən uçağa gecikiblər.
Böyük Britaniyanın Bristol şəhərində yaşayan və həyat yoldaşı ilə birlikdə Hindistana səfər edən Çauhan baş verənləri belə izah edib: "Saat 12:20-də hava limanına çatdıq. Qalxışa təxminən bir saat qalmış orada idik, amma biniş prosesi artıq başlamışdı. Onlayn qeydiyyatdan keçmişdim, amma personal məni təyyarəyə buraxmadı. Çox əsəbiləşdik, sürücüyə hirsləndik və hava limanından ayrıldıq".
Hava limanının yaxınlığında çay içmək üçün dayandıqları zaman, səyahət agentliyi ilə biletin geri qaytarılması haqqında danışarkən təyyarənin qəza etdiyini öyrəndiyini bildirən Çauhan əlavə edib: "Bu, tamamilə bir möcüzədir. Hələ də inana bilmirəm. Əgər bir az daha tez çıxmış olsaydım, bu gün həyatda olmayacaqdım".
Aydın
Şərhlər