30 və 40 yaşlarda yüksək təzyiq beyinə zərər verir

30 və 40 yaşlarda yüksək təzyiq beyinə zərər verir

Mütəxəssislər 30 yaşda olanların beyin sağlamlığını qorumaq üçün təzyiq göstəricilərinə diqqət etmələri barədə xəbərdarlıq edirlər.

Lancet Neurology jurnalının yaydığı yeni araşdırmaya görə, beynin sağlamlığının qorunması üçün "fürsətlər pəncərəsi" 30 yaşdan 50 yaşın ortalarına qədər açıq qalır.

Araşdırma üçün 1946 ildə doğulmuş 500 nəfər yoxlanıb. Orta yaşın əvvəllərində müşahidə olunan yüksək təzyiqin daha sonra ortaya çıxan qan damarlarındakı zədə və beynin kiçilməsi ilə əlaqəli olması bəlli olub.

Mütəxəssislər "kritik vaxt" olaraq görülən 30 və 40 yaşlardakı yüksək təzyiqin "beynin zədələnməsini sürətləndirdiyini" deyirlər.

Orta yaşlarda qan təzyiqiq göstəricilərinin dementiya riski ilə əlaqəli olması daha əvvəl aparılmış araşdırmalarda da görülmüşdü lakin elm adamları bu zərərin nə vaxt və necə ortaya çıxdığını anlamaq üçün yeni göstəriciləri yoxlamağa araşdırmağa başlayıb.

Araşdırma zamanı iştirakçıların beyni yoxlanıb və qan təzyiqləri ölçülüb.

36-43 yaşlarında qan təzyiqindəki artımın beynin kiçilməsi ilə əlaqəli olması nəticəsinə gəlinib.

Hamının beyni yaşlandıqca kiçilir, amma damar dementiyası kimi nevrodegenerativ xəstəliklərdən əziyyət çəkənlərdə bu daha çox müşahidə olunur.

Üzərində araşdırma aparılan şəxslərdə koqnitiv çatışmazlıq müşahidə olunmasa da araşdırmaçılar beynin kiçilməsinin koqnitiv çatışmazlıq göstəricilərindən öncə baş verdiyini bildirirlər. Eyni şəxslərdə həyatlarının növbəti illərində bu göstəricilərin müşahidə olunub-olunmamasını dəqiqləşdirmək üçün onlar üzərində araşdırmalar davam edəcək.

"Çox vacib"
43-53 yaş arasında qan təzyiqindəki artımın 70 yaşında olan şəxslərin qan damarlarında yaranan zədə ilə əlaqəli olması üzə çıxıb.

Araşdırmaya UCL Universiteti Nevrologiya İnstitutunda çalışan kliniki nevroloq professor Jonathan Schott rəhbərlik edib.

Schott "30 yaşda qan təzyiqimizdəki göstəricilərimiz on illər keçdikdə belə beynimizin sağlamlığına öz təsirini göstərir. Yaşlananda beyin sağlığını qoruya bilmək üçün orta yaşın əvvəllərində yoxlamalara və müşahidələrə başalamaq lazımdır" deyib.

Oxford Universitetində çalışan ürək-damar üzrə tibb professoru Paul Leeson "bir müddətdir yüksək təzyiqi olanların irəli yaşlarda fərqli beyin şəkillərinə sahib olduqlarını bilirdik. Ancaq həkimlər qan təzyiqinə erkən yaşda müdaxilənin beyindəki dəyişiklərin qarşısını ala bilib-bilməyəcəyi ilə bağlı mübahisə edirdilər" deyir.

Leeson erkən yaşlarda müdaxilənin mühümlüyünü belə izah edir: "İndi isə yüksək təzyiqi ancaq yaşlandıqca ciddiyə alırıq. Beləliklə də beyində zədələr yaranmır. Bu araşdırma 30 və 40 yaş kimi həyatın bəzi dönəmlərinin çox vacib ola biləcəyini göstərir. Bu zaman kəsiyində yüksək təzyiq beynin zədələnməsini sürətləndirir".

Alzeymer araşdırmalar Mərkəzindən Carol Routledge də "orta yaşda müşahidə olunan yüksək təzyiqin dementiya riskini artıran ən çox təsiredici vasitələrdən biri olmasını deyir və gənc yaşlarda qan təzyiqinin normal vəziyyətdə saxlanması üçün gərəkli önləmlərin alınmasını məsləhət görür".

Mənbə: BBC
XƏBƏRLƏR
BLOGLAR