Xəbər lenti

300 ildən sonra ilk boşanma: Putin I Pyotrun yolu ilə... - ARAŞDIRMA
Dünya 19:51 10.06.2013

300 ildən sonra ilk boşanma: Putin I Pyotrun yolu ilə... - ARAŞDIRMA

Rusiya prezidenti Vladimir Putinin həyat yoldaşı Lüdmiladan ayrılması ali rütbəli şəxslərin boşanmaları ilə bağlı fikirlərə yol açıb. Məlum olub ki, 

Rusiyada 300 ildir, ölkəni idarə edənlərdən kimsə boşanmamışdı. Sonuncu dəfə taleyin boşanma qismətini I Pyotr yaşamışdı. Hökmdar həyat yoldaşı Yevdokiya Lopuxinadan ayrılmışdı.

Qeyd edək ki, cütlüyün toyu 1689-cu ilin yanvarında baş tutub. Həmi vaxt I Pyotrun 17, həyat yoldaşının 20 yaşı olub. Deyilənə görə, bir-birilərini sevmirlərmiş. I Pyotr üçün həyat yoldaşını anası, çar Aleksey Mixayloviçin dul arvadı Natalya Kirilovna Narışkina seçibmiş. Yeri gəlmişkən, xanım Narışkina da çarın ikinci həyat yoldaşı imiş. Aleksey Mixayloviçin birinci arvadı 13 övlad dünyaya gətirmişdi və növbəti doğuş zamanı həyatını itirmişdi.

Natalya Kirilovna oğluna həyat yoldaşı seçərkən sevgini deyil, siyasi məqsədləri əsas götürmüşdü. Həmin vaxtın Rusiyasında vəziyyət heç də yaxşı deyildi. Stereles polkunun qiyamından sonra taxt-taca iki rəsmi namizəd var idi - İvan və Pyotr. Onların vəzifələrini böyük bacıları Sofiya icra edirdi. Müxtəlif siyasi qüvvələr isə özlərinin təsirlərini gücləndirməyə çalışırdılar.

İvan Praskovya Saltıkova ilə nikaha girdi. İkinci ondan uşaq gözlədikdən sonra birinci cəmiyyətin gözündə daha legitim görünməyə başladı. Mövcud durumda Natalya Kirillovna oğluna gəlin kimi Yevdokiyanı tapdı. Çünki Lopuxinlər üsyançı stereleçlər içərisində populyarlığa malik idilər.

I Pyotr ordu ilə məşğul idi. Başı gəmiqayırmaya qarışmışdı. Qərb tipli yaşayış tərzini qəbul edirdi. Yevdokiya isə ənənəvi ruhda tərbiyə almışdı. Ancaq təxminən il yarım onların münasibətləri yaxşı olmuşdu. Bunu o qədər də təəccüblü saymaq olmaz. Çünki gənclərin həmin vaxtadək ilk məhəbbətləri olmamışdı və hər ikisi bir-birinə maraq göstərməklə sanki yeni hislər yaşamaq istəyirdilər.

Tədricən ailədə fikir ayrılıqları yaşandı və mövcud durumun bir neçə səbəbi vardı. Birincisi, Yevdokiya həyat yoldaşının maraqlarını bölüşmürdü. İkincisi, müasirləri bildirirlər ki, gözəl olsa da, Yevdokiya ağıllı deyildi və ərinin xarakterini tamamlamırdı. Üçüncü məsələ, loru desək, gəlin-qaynana söhbəti idi. Yevdokiya Natalya Kirilovna ilə yola getmirdi. Əlbəttə, buna səbəb kimi eyni zamanda qohumluq əlaqələrinin siyasi anlamda özünü doğlutmamasını da vurğulamaq lazımdır. İş burasındadır ki, Lopuxinlər etibarlı müttəfiq olmadılar. Hətta ikiüzlü çıxdılar.

Evliliklərinin ilk üç ilində Yevdokiyanın I Pyotrdan üç övladı dünyaya gəldi. Aleksey, Aleksandr və Pavel. Lakin onlardan ikisi erkən yaşlarında vəfat etdi. I Pyotrun isə 1692-ci ildə alman mənşəli Anna Monsla sevgi macərası başlandı. 1694-cü ilədək, yəni anası Natalya Kirilovnanın ölümünədək çar həyat yoldaşına neqativ münasibətini ortaya qoymadı.

1697-ci ildən cütlük nəinki bir-birinə mənfi yanaşdı, habelə Yevdokiya I Pyotra əks cəbhədə dayandı. Buna görə də çar boşanma qərarı verdi. Həmin vaxt çarların ərindən ayrılmış arvadları rahibəlik həyatı keçirməyə məhkum idilər. Belə bir tale Yevdokiya üçün də qaçılmaz görünürdü. Ancaq qadın oğlu Alekseyin tərbiyəsi ilə məşğul olmağı bəhanə gətirərək özünə qapanmaq istəmirdi. Hətta patriarx Adrian da məsələnin baş tutması, yəni Yevdokiyanın monastıra göndərilməməsi naminə səy göstərirdi. Lakin bu, əks effekt verdi. I Pyotr zora əl atdı. 1698-ci ilin sentyabrında Yevdokiya Suzdaldakı monastıra yerləşdirildi və orada Yelena adlandırıldı. Bundan başqa çar keçmiş həyat yoldaşının saxlanması üçün də vəsait ayırmadı və bu işi qadının ailəsinə - Lopuxinlərə tapşırdı. Ancaq hökmdar rus ənənələrinin gücünü və onun islahatlarına qarşı müqaviməti nəzərə almadı. Pyotr Peterburqda hərbi donanmanın yaradılmasına və İsveçlə müharibəyə hazırlaşdığı bir vaxtda Yevdokiya nəinki keçmiş ərinə qarşı ittifaq yaratdı, eyni zamanda gizli şəkildə özünə sevgili də tapdı. Onunla mayor Stepan Qlebov arasındakı sevgi 1709-cu ildə başladı və uzun müddət davam etdi.

1718-ci ildə I Pyotr tarixə «Çareviç Alekseyin işi» kimi düşən məsələdə oğlunu və yaxın ətrafındakı bir neçə şəxsi hakimiyyətə qarşı sui-qəsddə şübhəli bildi və təhqiqat başlatdı. Mayor Qlebov da şübhəlilər sırasında idi. Yevdokiyanın adamlarının hamısı edam edildi. Qlebov çarın keçmiş həyat yoldaşı ilə əlaqələrinin olduğunu bildirsə də, sui-qəsdlə bağlılığını inkar etdi. Mayor 14 saat ağaca sarılı halda havada qaldıqdan sonra öldü. Deyilənə görə, Yevdokiya sevgilisinin ölüm ananı seyr etməyə məcbur olunub.

Monastırdan monastıra sürülən Yevdokiyanın qəribə taleyi olub. II Pyotrun nəvəsi onu girovluqdan azad edərək bütün hüquqlarını bərpa edib. Hətta yaşaması üçün pul da ayırıb. 1730-cu ildə II Pyotr dünyasını dəyişdikdən sonra qadın taxt-taca varis kimi də göstərilirdi. Lakin həmin vaxt artıq 60 yaşını haqlamış Yevdokiyanın sağlamlığı qaydasında deyildi və 1731-ci il avqustun 27-də dünyasını dəyişdi. Bütün bu əhvalatda vurğulanmalı başlıca məqam isə monastıra zorla aparılmış Yevdokiyanın lənətidir. Deyilənə görə, məhz həmin lənət Sankt-Peterburqun əsas paytaxt simasını itirməsinə səbəb olub.

Zaman dəyişib. Əvvəldə də deyildiyi kimi, 300 ildən sonra Yevdokiyanın yerində olan Lüdmila Putinadır. Görəsən o necə, artıq keçmiş sayılan həyat yoldaşı Vladimir Putini lənətləyəcəkmi? (168saat.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->