Xəbər lenti

31 dekabr ərəfəsində əfv gözlənilir
Ölkə 22:02 06.12.2017

31 dekabr ərəfəsində əfv gözlənilir

Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalanacağı gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü deyib ki, Azərbaycanda əfvlə bağlı sərəncam bir qayda olaraq, əlamətdar, tarixi günlərdə ölkə rəhbərliyi tərəfindən verilir:
"Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb. Ona görə bu il də əfv sərəncamının veriləcəyi istisna edilmir. Lakin nəzərə almaq lazımdır ki, əfv vermək hüququ ölkə rəhbərliyinin müstəsna səlahiyyətlərinə aiddir və onun nə zaman verilməsini prezident müəyyənləşdirir”.

Ə.Nuriyev qeyd edib ki, Əfv Məsələləri Komissiyanın Katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları, təhlükəsizlik və müdafiə məsələləri üzrə şöbənin əfv sektoru fasiləsiz fəaliyyət göstərir. Əfvlə bağlı daxil olan müraciətlər araşdırılır, müraciətlərlə bağlı müvafiq rəylər alınır. Hazırlanmış ümumi rəylər Komissiyanın sədrinə təqdim olunur.

"Ötən il Azərbaycanda əfvlə bağlı minə qədər müraciət daxil olmuşdu. O müraciətlərdən 100-dən artığı qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün baxılmamış saxlanıb. Digər 900-ə yaxın müraciətə Komissiyanın iclasında baxılıb və 423 nəfər prezident İlham Əliyevin sərəncamı ilə Novruz bayramı ərəfəsində cəzadan azad edilib, yaxud cəzalarının müddətində dəyişiklik edilib.
Bu gün də əfvlə bağlı məhkumlardan, onların qohumlarından, vəkillərindən, Milli Məclisin deputatlarından, eyni zamanda, qeyri-hökumət təşkilatlarından müraciətlər daxil olur. Bu müraciətlər cənab prezidentə ünvanlanır. Bütün müraciətlər Əfv Komissiyasının Katibliyinə göndərilir”.

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda cəzanın humanistləşdirilməsi istiqamətində çox geniş fəaliyyətlər həyata keçirilməkdədir:
"Eyni zamanda, hüquqi islahatların yeni bir dalğası istiqamətində çox mühüm qanunlar qəbul edilib. Bu günlərdə Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklər edildi. Cəzanın humanistləşdirilməsi, ayrı-ayrı maddələrin sanksiyalarının yüngülləşdirilməsi, eyni zamanda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların Cinayət Məcəlləsinə gətirilməsi, habelə cinayət əməllərinin dekriminallaşdırılması istiqamətində mühüm dəyişikliklər baş verdi ki, bu, cinayət təqibi istiqamətində davamlı yol xəritəsi kimi də qəbul edilməlidir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->