Xəbər lenti

Sənət 10:00 02.04.2019

"31 Mart-Tariximizin Faciəli Səhifəsi” kitabı çap olunub

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "31 Mart-Tariximizin Faciəli Səhifəsi” adlı elmi məqalələr toplusu "Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 

Qaynarinfo xəbər verir ki, iki fəsildən ibarət 504 səhifəlik kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova - Tohidi, işçi qrupu isə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov, Filologiya üzrə fəlsəfə doktoru, Tədqiqatlar şöbəsinin müdiri İradə Musayeva və Tədqiqatlar şöbəsinin tarix üzrə elmi işçisi Nərmin Alıyevadır. 

Kitabda 40-dan çox müəllifin araşdırması yer alıb. Respublıikamızın tanınmış mütəxəssislərinin, eləcə də Rusiya və Türkiyə universitetlərində çalışan  görkəmli alimlərin 31 mart 1918-ci il tarixli faciə ilə bağlı tədqiqatları, eləcə də hadisəyə  isti-isti münasibət bildirən o zamankı ictimai-siyasi xadimlərin, ziyalıların  1918-1919-cu illərdəki dövri mətbuatda işıqlandırılan bir çox yazıları çap edilib. 
 
1998-ci ildə - soyqırımın 80-ci ildönümü günündə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tövsiyəsini əldə rəhbər tutan Milli Məclis rəhbərliyi ali qanunverici orqanının xüsusi sessiyasında çıxış edən  Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, hazırda ölkəmizin Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışan filologiya elmləri doktoru Vilayət Quliyevin  geniş məruzəsinin stenoqramı əsasında hazırlanmış mətn də təqdim edilir. 

Onu da qeyd edək ki, müxtəlif aspektlərdən araşdırdığı tarixi faciəyə işıq tutmaq, yeni və ciddi arqumentlərlə ictimaiyyəti maarifləndirmək zərurətini nəzərə alan "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəhbərliyi bu cür sanballı və aktual tematikalı kitabları mütəmədi olaraq hazırlayıb nəşr etdirir.

Kitab respublikamızın, eləcə də bəzi xarici ölkələrin kitabxanalarına və universitetlərinə də göndəriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->