Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ zamanı dağıntılar altında qalan və 32 saat sonra xilas edilən 12 yaşlı Fabiana Blanko, xilası gözlədiyi müddətdə ketçup və pendir yeyərək sağ qaldığını bildirib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, zəlzələdən ən çox zərər çəkən La Quayra şəhərində yaşayan Fabiana Blanko dağıntılar altında keçirdiyi anlardan danışıb. O bildirib ki, zəlzələ baş verən vaxt ailəsi ilə birlikdə 10 mərtəbəli binadakı mənzillərində olub.
"Hər şeyin silkələndiyini, dağıldığını, qırıldığını, sonra isə divarların çatladığını gördüm. Mənim evimi qonşu mənzildən ayıran divar uçdu. Həmin anda düşündüm ki, öləcəyəm, burada sağ qala bilməyəcəyəm və məni heç kim xilas etməyəcək", deyə Fabiana Blanko xatırlayıb.
O bildirib ki, dağıntılar altında qaldıqdan bir müddət sonra yuxarı mərtəbədə yaşayan tibb bacısının sağ qalanların olub-olmadığını yoxlamaq üçün səsləndiyini eşidib: "Mənə sakit olmağımı və hər şeyin yaxşı olacağını dedi".
Fabiana Blankonun sözlərinə görə, həmin tibb bacısı təxminən altı saat sonra dağıntılar altından çıxarılıb və xilasedicilərə onun hələ də dağıntılar altında qaldığını xəbər verib. Blanko bildirib ki, bu müddətdə əlləri ilə dağıntıları qazmağa çalışıb: "Bu zaman bir şüşə ketçup və dilimlənmiş pendir tapdım. Məhz onlar huşumu itirməməyə kömək etdi".
Bir müddət sonra axtarış-xilasetmə qruplarının onu adı ilə səslədiyini eşidən Fabiana cavab verdiyini və bir neçə saat sonra, dağıntılar altında keçirdiyi 32 saatın ardından xilas edildiyini bildirib.
"Dağıntılar altından çıxarılanda ailəmi gördüm. Binanın tamamilə çökdüyünü görəndə bunun gerçək ola bilməyəcəyini düşündüm. Elə bilirdim ki, televiziya serialındayam", deyə o bildirib.
ABŞ Geoloji Xidməti ("USGS") iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlamışdı. Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes zəlzələlər nəticəsində həyatını itirənlərin sayının 3 342 nəfərə, yaralananların sayının isə 16 740 nəfərə çatdığını bildirmişdi.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ("UNDP") iyunun 26-da yaydığı məlumatda zəlzələlərin birbaşa vurduğu fiziki ziyanın təxminən 6,7 milyard ABŞ dolları həcmində qiymətləndirildiyini açıqlamışdı.
Zəlzələlərdən sonra yaxınları tərəfindən itkin düşdüyü bildirilən şəxslərin sayının iyunun 27-nə olan məlumata əsasən 68 mini keçdiyi qeyd olunub. Ölkədə axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərlə yaralananların sayının daha da artacağından narahatlıq ifadə olunur.
Aydın
Şərhlər