XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

5,3 milyard manatlıq sərmayə: Azərbaycanın mədən sənayesində nə dəyişəcək?
Ekonomiks13:35 23.09.2026

5,3 milyard manatlıq sərmayə: Azərbaycanın mədən sənayesində nə dəyişəcək?

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələyə keçid üçün hazırlanan 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı sektora böyük həcmli investisiyaların cəlb edilməsini və yeni istehsal zəncirlərinin yaradılmasını nəzərdə tutur.

Proqram çərçivəsində layihələrin icrasına 5,3 milyard manat investisiyanın yönəldilməsi, dağ-mədən və metallurgiya sektorunun illik ixrac potensialının isə 2030-cu ilədək 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəflənir.

Planlara Daşkəsən dəmir filizi yatağında yeni istehsal müəssisəsinin yaradılması, eləcə də Filizçay yatağının mis, sink və qurğuşun ehtiyatlarının istismara cəlb edilməsi daxildir.

Bu layihələrin reallaşdırılması Azərbaycanın mədən sənayesində yalnız hasilat həcmlərinin artmasına deyil, xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsinə də imkan yarada bilər. Bu isə metallurgiya ilə yanaşı, tikinti, maşınqayırma, avtomobil sənayesi və digər istehsal sahələrində yeni imkanlar formalaşdıra bilər.

Bəs qarşıya qoyulan hədəflər nə dərəcədə realdır? 5,3 milyard manatlıq investisiya sektorun iqtisadi çəkisini nə qədər dəyişə bilər? Filizçay və Daşkəsən layihələrinin tam gücü ilə həyata keçirilməsi Azərbaycanın ixrac strukturuna və yerli istehsala necə təsir göstərə bilər?

İqtisadçı Eldəniz Əmirov Qaynarinfo-ya bildirib ki, qarşıya qoyulan hədəflər kifayət qədər iddialı olsa da, mövcud resurs bazası və nəzərdə tutulan investisiyalar onları real hesab etməyə əsas verir:

“Ədalət naminə qeyd etmək lazımdır ki, mövcud resurs bazası və nəzərdə tutulan investisiyalar baxımından bunlar kifayət qədər real hədəflərdir. Burada əsas məsələ 3,5 milyard manat investisiyanın qoyulmasıdır. Amma bu, rəqəmin yalnız görünən tərəfidir. Əsas məsələ həmin investisiya həcminin hansı iqtisadi nəticəni yaradacağıdır. Hədəfin özəyində məhz bu dayanır”.

Ekspert bildirib ki, strategiyadan da bəlli olduğu kimi, 2030-cu ilədək sektorun illik ixrac potensialının 3,4 milyard manata çatdırılması nəzərdə tutulur:

”Hazırda bu göstərici 1,3 milyard manatdır. Eyni zamanda, sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata çatdırılması hədəflənir. Yəni ilkin olaraq 700 milyon manat olan töhfənin 1,8 milyard manata yüksəldilməsi nəzərdə tutulur. Məsələ sektorun iqtisadi çəkisinin artırılmasıdır. Bu göstəricinin iki dəfədən çox yüksəldilməsi hədəflənir”.

Eldəniz Əmirovun sözlərinə görə, layihələrin əhəmiyyəti yalnız hasil olunan xammalın ixracı ilə məhdudlaşmır. Əsas məqsəd filizin emal prosesindən keçirilməsi və daha yüksək əlavə dəyərə malik məhsulların istehsal edilməsidir:

“Daşkəsən üzrə qarşıya qoyulan məqsəd dəmir filizinin sadəcə çıxarılması deyil. Burada filizin zənginləşdirilməsi, pellet və daha sonra isti briketləşdirilmiş dəmir istehsalına qədər tam istehsal zəncirinin yaradılması nəzərdə tutulur. Filizçay da bu baxımdan strateji layihədir. Burada göstərilən rəqəmlər də maraqlıdır. 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşunun hasil edilməsi və sonrakı emal proseslərinə cəlb olunması planlaşdırılır. Burada da məqsəd misin, sinkin, qurğuşunun və digər metalların sadəcə hasil edilərək satılması deyil, mümkün qədər emal olunmasıdır. Bütün bunlar nəticədə yerli metal və yarımfabrikat istehsalını gücləndirəcək, eyni zamanda ixrac potensialını artıracaq”.

İqtisadçı hesab edir ki, istehsal zəncirinin genişləndirilməsi yalnız mədən və metallurgiya sənayesinə deyil, iqtisadiyyatın digər sahələrinə də əlavə impuls verə bilər:

“Bunun bir çox multiplikativ effektləri də var. İlk növbədə logistika, nəqliyyat, podrat və xidmət sektorlarında əlavə tələbat yaranacaq”.

Beləliklə, qarşıdakı dövrdə əsas məsələ yalnız yeni yataqların istismara verilməsi və hasilatın artırılması deyil. Hədəf xammalın hasilatından başlayaraq onun zənginləşdirilməsi, emalı və daha yüksək əlavə dəyər yaradan məhsula çevrilməsinə qədər uzanan istehsal zəncirinin formalaşdırılmasıdır. Bu proses uğurla reallaşarsa, dağ-mədən və metallurgiya sənayesinin Azərbaycanın ixracında və qeyri-neft sektorunun inkişafında çəkisinin artması üçün yeni imkanlar yarana bilər.

Şəbnəm İbrahimxəlilova