Xəbər lenti

5 gün sonra Bakı metrosu yeni qrafiklə işləyəcək
Ölkə 14:58 13.09.2017

5 gün sonra Bakı metrosu yeni qrafiklə işləyəcək

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Metropolitenində də sərnişin axınının get-gedə intensivləşməsi müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə qatarların yeni hərəkət cədvəli tətbiq olunacaq.

"Qaynarinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

"Bakı Metropoliteni" QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yenilənmiş qrafiklə tənzimlənməsinə keçiləcək. Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq.

Nəticədə, "Həzi Aslanov"-"28 May" sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May"-"Dərnəgül" və "28 May"-"İçərişəhər" sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. Bu müddətdə yalnız "Bakmil" stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov"-"Ulduz" sahəsində fərqli ola bilər.

"Sərnişinlərin nəzərinə çatdırılır ki, "Həzi Aslanov"-"28 May" sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur", - deyə məlumatda qeyd edilib.

Şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.

Xatırladaq ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->