Xəbər lenti

50 milyon dollardan artıq sərvətə sahib olan investordan 3 məsləhət
Ekonomiks 22:04 28.10.2017

50 milyon dollardan artıq sərvətə sahib olan investordan 3 məsləhət

Uğurlu investisiya etməyin yollarını öyrənmək üçün heç də Uorren Baffetlə bir masada nahar yeməyinə 600 000 dollar ödəməyinizə ehtiyac yoxdur. Siz oxuya, oxuduqlarınızdan nəticə çıxarda və investisiyada uğur qazanmaq üçün digər böyük investorların fikirlərini praktikada tətbiq edə bilərsiniz.

Eyni ilə belə bir şeyi edən şəxs məşhur dəyər investoru Mohniş Pabrayidir.

Hindistanda doğulan Pabrayi yoxsulluq içərisində böyüyüb. Onun 30 yaşı olarkən birinci dəfə olaraq Uorren Baffet haqqında eşidir və investisiyaya marağı yaranır. Onun həyatı bundan sonra tamamilə dəyişir. Hazırda ABŞ-da yaşayan Pabrayinin 50 milyon dollar sərvəti var.

Gəlin Pabrayinin 3 sitatına baxaq və onun sitatlarının arxasında gizlənən müdrikliyi araşdıraq:

1. İnvestisiya etmək biznesdir.

"Sahibkarlar qeyri-müəyyənliklə mübarizə aparmaqda və riskləri minimallaşdırmaqda məharətlidirlər” – Mohniş Pabrayi

Bir çox insan investisiya etməyə "ikinci bir iş kimi baxır” və bunu vaxtaşırı edirlər. Onlar buna ciddi nəticələr əldə etmək üçün ciddi baxmırlar.

Mohniş Pabrayi burada sahibkarlar haqqında danışarkən, fikir verin o, investorların ortaq dilammalarını (qeyri-müəyyənlik və risklər) qabardır.

Onun sözlərindən aydın olur ki, Pabrayi investisiya etməyə hobbi kimi baxmır. O, buna biznes kimi baxır.

Hər hansı bir kəs gəlirini artırmaq istəyirsə, düşüncə tərzini inkişaf etdirərək buna biznes kimi baxmalıdır. Bu, professionallıqdır. Professionallıq işləmək, oxumaq, araşdırmaq və səbr tələb edir.

Dəyər investisiyasının atası Benjamin Qraham bir dəfə belə demişdir: "İnvestisiya etmək o zaman uğurlu olur ki, buna biznes kimi baxasan”.

İnvestisiya etməyə ciddi baxın və siz ciddi nəticələr görməyə başlayacaqsınız.

2. Siz gələcəyi düzgün proqnozlaşdıra bilməzsiniz

"Sürətlə dəyişən sektorlar investorun düşmənidir. Bu nöqteyi-nəzərdən texnologiya biznesləri, əsasən də bio texnologiya problemdir. Hər bir sektorda dəyişiklik olur, lakin siz kiçik dərəcədə dəyişiklik olan biznesə investisiya etməlisiniz”. – Mohniş Pabrayi

Dəyər investisiyası səhmi onun daxili dəyərindən az qiymətə almaq deməkdir.

Dəyər investoru səhmin əsl daxili dəyərini müəyyən edərkən biznesin indidən sonra gələcəkdə nə qədər nağd pul gətirəcəyini proqnozlaşdırır və daha sonra həmin toplanmış nağd pulu bugünkü günə diskount edir.

Beləliklə, siz investisya edən zaman, həmçinin, gələcəyə dair təxminlər edirsiniz.

Bəzi insanlar var ki, gələcəyi dəqiq proqnozlaşdırdıqlarına inanırlar. Bu insanlar mürəkkəb modellər qurur və modellərə istinad edərək səhmləri alırlar.

Həmçinin, bəzi insanlar var ki, hazırda əlində olan informasiyanın keyfiyyətindən asılı olmayaraq gələcəyi proqnozlaşdırmağın tamamilə mümkünsüz olduğuna inanırlar. Onlar dəyərdən aşağı səhmləri alırlar ki, gələcəkdə etdikləri investisiyaya görə qazanc əldə edə bilsinlər. Bu tip insanlar əlbəttə ki, dəyər investorlarıdır.

Ben Qraham "Ağıllı İnvestor” (The İntelligent İnvestor) kitabında yazdığı kimi: "Qiymətləndirmə gələcəyin proqnozlaşdırılmasından nə qədər asılı olarsa… bu qiymətləndirmə yanlış hesablamalara və ciddi səhvlərə daha çox həssas olur”.

Buna görə də dəyər investorları təhlükəsizlik marjası (margin of safety) olduğu halda investisiya edirlər. Onlar gələcək barəsində proqnoz edirlər, lakin onlar bilirlər ki, onlar səhvdirlər. Təhlükəsizlik marjası onlar səhv olsalar belə onları qoruyur.

Buna görə də Mohniş Pabrayi deyir ki, "sürətlə dəyişən sektorlar investorun düşmənidir”. Bu gələcəyi proqnozlaşdırmağı və səhmin daxili dəyərini hesablamağı çətinləşdirir. Buna görə də, texnologiya səhminə investisiya edirsinizsə, sizin BÖYÜK təhlükəsizlik marjasına ehtiyacınız var. Əgər siz stabil sektorda olan biznesə investisiya edirsinizsə, siz daha kiçik təhlükəsizlik marjası ilə bunu edə bilərsiniz.

3. Səbr bir açardır

"Siz səhmləri alan zaman qazanmırsınız və ya siz səhmləri satan zaman da qazanmırsınız. Siz gözləməklə qazanırsınız”. – Mohniş Pabrayi

Nəhayət, Mohniş Pabrayi investisiya etməyin gözləmə oyunu olduğunu bildirir. Ona görə də, səhmi alanda və ya satanda siz pul qazanmırsınız. Siz pulu aşağı dəyərli olan səhmlərə investisiya etməklə əldə edirsiniz və daha sonra səhmin qiymətinin əsl daxili dəyərinə çatmasını gözləyirsiniz.

Pabrayi burada həmçinin qeyd edir ki, siz pulu düzgün investisiya imkanını gözləməklə də qazana bilirsiz.

Digər məşhur dəyər investorları da eyni düşüncə tərzini bölüşürlər.

Son fikirlər

İnvestisiya edən zaman, buna ciddi yanaşmağınız ağıllı bir addım olar. Bu işə professional olaraq yanaşın. Sahibkar "papağını” başınıza qoyun, çünki sizin investisiyanız biznesdir. Biznes kimi yanaşan zaman investisiya etmək axırda sizə istədiyiniz nəticəni verəcək.

Yadda saxlayın ki, siz gələcəyi dəqiq proqnozlaşdıra bilmərsiniz. Hətta "əmin olduğunuz şeylər”in belə baş vermə ehtimalı 100%-dən aşağıdır. Bunu başa düşün və təhlükəsizlik marjası ilə investisiya edin.

Ən sonunda, səbrli olun. Məşhur bir investorun dediyi ki, "Heç bir şey etmə! Sadəcə orada dayan!”

Qaynarinfo.Az
Mənbə: Moneta.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->