İspaniyanın mərkəzində, zümrüd rəngli sulara baxan, bir vaxtlar minlərlə insanın yaşadığı, bu gün isə tərk edilmiş vəziyyətdə olan Qranadil adlı kiçik, lakin mənzərəli şəhər yerləşir.
Qaynarinfo xəbər verir ki, şəhərin tədricən məhvə sürüklənməsi isə 55 il öncə, sadəcə bir qərarla başlayıb. Bu barədə "Mirror" nəşri yazır.
9-cu əsrdən bu günə: Ticarət yollarından tərk edilmiş küçələrə
Qranadil şəhəri IX əsrdə qurulmuş və tarixən ticarət yolları üzərində yerləşmiş aktiv yaşayış məntəqəsi olub. Lakin 1950-ci illərdə diktator Fransisko Franko tərəfindən İspaniyada nəhəng su anbarları inşa edilməyə başlanıb. Onlardan ən böyüyü - Qabriel-i-Qalan su anbarı - Qranadili əhatə edən ərazilərdə tikilib.
Frankonun qərarına əsasən, yaxın onillikdə şəhər sakinləri yüksək su səviyyəsi səbəbilə evlərini tərk etməyə məcbur ediliblər. Onlara bildirilmişdi ki, bəndin dolması nəticəsində şəhər su altında qala bilər. Beləcə, şəhərin bütün əhalisi oradan köçürülüb.
Ən maraqlısı isə odur ki, 55 il keçməsinə baxmayaraq, şəhər bir dəfə də olsun daşqına məruz qalmayıb. Amma bu fakt belə insanlara geri qayıtmaq hüququ verməyib. Beləliklə, Qranadil tərk edilmiş şəhərə çevrilib - bu gün xəyal şəhəri kimi tanınır.
"Bizi çıxardılar, dedilər ki, bənd şəhəri suya qərq edəcək. Amma bu mümkün deyildi - çünki şəhər bənddən hündürdə yerləşir. Amma diktatura dövründə bizim heç bir hüququmuz yox idi", deyə "Qranadil övladları" assosiasiyasının prezidenti bildirib.
Onun sözlərinə görə, demokratik dövrdə şəhərin bərpası uğrunda mübarizə aparılsa da, heç bir hökumət səslərinə səs verməyib.
Bu gün Qranadil - Turistlər üçün cazibə nöqtəsi
1980-ci ildə şəhər rəsmi şəkildə tarixi-bədii abidə statusu alıb və o vaxtdan bəri turistlər üçün açıqdır. Turistlərdən əldə olunan vəsait şəhərin və təpənin zirvəsində yerləşən qədim qalanın qorunmasına sərf olunur.
"Lonely Planet"in mütəxəssisləri şəhəri ziyarət edənlərə aşağıdakı marşrutu tövsiyə edir:
"Qonaqlar şəhərə 15-ci əsrə aid qala ilə üzbəüz yerləşən dar Puerta-de-Vilya küçəsindən daxil olur. Buradan Kalle-Mayor döşənmiş küçəsi boyunca yuxarı qalxaraq Plasa-Mayor meydanına çatmaq olar. Burada pastel rəngli, keramik qabıqlarla bəzədilmiş Casa-de-las-Conchas binası yerləşir. Yay aylarında bəzi binalar sənətkarlıq emalatxanaları və sərgi mərkəzləri kimi fəaliyyət göstərir. Şəhərin 1 kilometrlik Almohad divarları boyunca gəzinti isə kəndi, gölü, evkalipt və şam meşələrini əhatə edən möhtəşəm mənzərə təqdim edir".
Ənənə davam edir: Keçmiş sakinlər ildə iki dəfə bir araya gəlir
Hazırda Qranadilə geri dönmək mümkün olmasa da, şəhərin keçmiş sakinləri və onların nəsilləri ildə iki dəfə buraya toplaşaraq birlik ruhunu yaşadırlar.
Aydın
Şərhlər