Xəbər lenti

650 bal da yetmir: Repetitorluğun bitməməsinin səbəbi nədir?
Ölkə 14:02 02.07.2026

650 bal da yetmir: Repetitorluğun bitməməsinin səbəbi nədir?

"Azərbaycanda repetitorluq haqqında ən çox deyilən fikir budur ki, məktəblərdə yaxşı dərs keçirilsə, repetitorluğa ehtiyac qalmaz".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, bu fikrin nə qədər doğru olduğunu müəyyən etmək üçün maksimal bir xəyal etməyi təklif edib:

"Təsəvvür edək ki, ölkədə elə bir orta təhsil sistemi qurulub ki, universitetə qəbul imtahanında abituriyentlərin hamısı 650 baldan çox toplayıb. Repetitorluq bitəcək?  Xeyr, bitməyəcək. Çünki 650 bal toplayan şagird yenə 690 bal toplayan şagirdlə eyni fakültə uğrunda rəqabət aparacaq. Valideyn yenə düşünəcək ki, mənim övladım digərlərindən geri qalmasın. Deməli, rəqabət davam etdiyi müddətdə üstünlük qazanmaq üçün əlavə hazırlığa tələbat davam edəcək. Bunun ən yaxşı sübutu odur ki, ölkənin ən güclü liseylərində oxuyan şagirdlərin böyük hissəsi repetitor yanına gedir. Problem sadəcə onların məktəbdə zəif oxuması deyil. Məqsəd rəqabətdə üstünlük qazanmaqdır. Deməli, repetitorluğun əsas hərəkətverici qüvvəsi orta təhsil sisteminin zəifliyi yox, rəqabətdir".

İqtisadçı qeyd edib ki, universitetlərdə yerlərin sayı məhduddur, yüksək bal tələb edən ixtisaslara qəbul olmaq istəyənlərin sayı isə daha çoxdur: 

"Belə şəraitdə hər bir ailə övladına əlavə üstünlük qazandırmağa çalışır. Azərbaycan ailəsi övladı üçün son qəpiyini xərcləməyə hazırdır və bu gün minlərlə ailə məhz bunu edir. Bu prosesin sosial nəticələri var. Gəliri yüksək olan ailələr övladları üçün daha çox resurs ayıra bilir, gəliri aşağı olan ailələr isə eyni rəqabətdə daha məhdud imkanlarla iştirak edir. Nəticədə imkan fərqi müəyyən hallarda təhsil nəticələrinə də təsir göstərir. İqtisadi baxımdan isə repetitorluğa xərclənən vəsait iqtisadiyyatdan çıxmır. Bu pullar əsasən Azərbaycan müəllimlərinin gəlirinə çevrilir. Sonra həmin vəsait yenidən ölkə daxilində dövr edir, taksi xidmətlərinə, mağazalara, restoranlara, müxtəlif xidmət və malların alınmasına xərclənir. Başqa sözlə, repetitorluqda dövr edən vəsait ölkə iqtisadiyyatının daxilində qalır. Odur ki, repetitorluğun əhatə dairəsini azaltmağın yolu onu qadağan etmək deyil. Qadağan edilsə belə bu gizli fərdi hazırlıq, ev dərsləri və ya onlayn məşğələlər formasında yenidən ortaya çıxacaq. Çünki bu bazarı qanun yox, rəqabət yaradır".
 


E.Əmirov qeyd edib ki, repetitorluğun miqyasını azaltmağın əsas yolu qəbul mərhələsindəki həddindən artıq sərt rəqabəti yumşaltmaqdır:

"Universitetə qəbul daha əlçatan olmalıdır. Əsas çətinlik qəbul imtahanında deyil, universitetdə olmalıdır. Tələbə seçdiyi ixtisas üzrə peşəkar səviyyəyə çatana qədər ciddi akademik tələblərlə qarşılaşmalıdır. Qəbul nisbətən asan, məzun olmaq isə həqiqətən çətin olarsa, rəqabətin böyük hissəsi qəbul imtahanından çıxaraq universitet təhsilinə transfer olunacaq. Bu zaman repetitorluğa bugünkü qədər yüksək tələbat təbii şəkildə azalacaq, əvəzində ölkədə diplomlu qeyri-mütəxəsislər yox, peşəkarlar yetişəcək".

--> -->