8 nəfərin öldüyü qəza barədə dəhşətli fakt: ailə üzvləri yolda maşından düşüb (VİDEO)
Dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza barədə yeni detallar ortaya çıxıb.
Bakupost.az-a daxil olan məlumata görə, yük maşını ilə toqquşan "Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Nizami Mustafayev yol boyu maşını hədsiz yüksək sürətlə idarə edirmiş. Hətta yolda bununla bağlı ailə üzvləri ilə belə mübahisə edib.
Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, 8 nəfərin ölümünə səbəb olan sürücü Nizami Mustafayevin atası da bu işlə məşğuldur. Onların ikisi də - ata-oğul rayondan Bakıya sərnişin daşımaqla məşğul olur.
Bildirilir ki, Nizami Mustafayevin dəhşətli qəzanı törətdiyi gün rayondan yola çıxarkən onun ailə üzvləri də mikroavtobusda imiş. Nizami Mustafayevin həyat yoldaşı, övladı və bacısı yolda onun idarə etdiyi maşını tərk edib və onunla Bakıya gəlməkdən imtina edib.
Mənbə deyir ki, Astara-Bakı yolundakı "Hacıoğlular" restoranında çay fasiləsinə dayanan Nizami Mustafayevin ailə üzvləri onun maşını tərk edib və arxadan gələn atasının idarə etdiyi mikroavtobusa keçiblər. Buna səbəb isə Nizami Mustafayevin maşını yüksək sürətlə idarə etməsi olub. Ağır qəzanı törədən sürücünün ailə üzvləri onun maşını çox sürətlə idarə etdiyi barədə atasına şikayət ediblər və onunla getmək istəmədiklərini bildirib, atanın maşınına əyləşiblər.
Nizami Mustafayev isə yenə də mikroavtobusu yüksək sürətlə sürməyə davam edib və bir müddət sonra dəhşətli qəza baş verib.
Nizami Mustafayevin dayandığı restoranda onlarla bərabər çay içən digər sürücülər də onun maşınından düşüb atasının maşınına keçən ailə üzvlərinin yüksək sürətdən şikayətdən etdiklərini eşitdiklərini bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər