Eleanor və Lail Gittons adlı amerikalı cütlük 83 illik evlilikləri ilə "dünyanın ən uzun müddət evli qalan cütlüyü” adını qazanıb. ABŞ-ın Mayami ştatında yaşayan cütlüyün ümumi yaşı 216-dır və bu, onları eyni zamanda "dünyanın ən yaşlı evli cütlüyü” edir.
Qaynarinfo xəbər verir ki, 107 yaşlı Eleanor "LongeviQuest” saytına müsahibəsində bu qədər uzun evliliyin sirrinin bir-birilərini sevmək olduğunu bildirib. 109 yaşlı Lail də "Həyat yoldaşımı sevirəm” sözləri ilə eyni fikri bölüşüb.
Müharibə illərindən bu günə qədər uzanan bir sevgi
Gittons cütlüyünün evlilik sənədində 1942-ci il tarixi yer alır. "LongeviQuest” tədqiqatçıları ABŞ əhalisi siyahıyaalmalarının nəticələrinə və arxiv materiallarına əsaslanaraq bu evliliyin rəsmi olaraq dünyanın ən uzunömürlü nikahı olduğunu təsdiqləyiblər.
Cütlük 1941-ci ildə bir basketbol matçında tanış olub. Həmin vaxt Lail "Clark Atlanta Universiteti”nin oyunçusu, Eleanor isə tamaşaçı imiş. Daha sonra onlar aşiq olub və II Dünya müharibəsinin yaxınlaşmasına baxmayaraq, evlənməyə qərar veriblər.
4 iyun 1942-ci ildə nikah bağlayan cütlük, yalnız üç günlük icazə ilə Lailin hərbi təlim gördüyü Corciya ştatında evlənə bilib. Müharibə illərində Eleanor ailəsini dəstəkləmək üçün bir təyyarə hissələri istehsalçısında maaş şöbəsində çalışıb və ərinə məktublar yazaraq əlaqə saxlayıb.
Bir ömür boyu birlikdə
Müharibədən sonra Gittons ailəsi Nyu-Yorka köçüb və burada dövlət qulluqçusu kimi işləməyə başlayıb. Onlar illər ərzində çoxsaylı ölkələrə, xüsusən də Eleanorun sevimli məkanı olan Karib bölgəsindəki Qvadelupa adasına səyahət ediblər.
Eleanor 69 yaşında Bronsdakı Fordham Universitetində şəhər təhsili üzrə doktorluq dərəcəsi alıb. Cütlük daha sonra qızları Ancelaya yaxın olmaq üçün Mayamiyə köçüb.
Hazırda 109 yaşında olan Lail Gittons, Nyu-Yorku çox darıxdığını, amma həyat yoldaşı ilə keçirdiyi 83 ilin inanılmaz dərəcədə xoşbəxt olduğunu deyib. "LongeviQuest”in "YouTube” kanalına verdiyi açıqlamada o bildirib: "Burada olduğum üçün xoşbəxtəm. Birlikdə keçirdiyimiz hər anın dəyərini bilirik və çox şey yaşadıq".
Aydın
Şərhlər