Məşhur Amerika yazıçısı Mark Tven deyirmiş, siqareti tərgitmək çox asandı, şəxsən mən onu bir neçə dəfə atmışam.
Mark kişinin sözü olmasın, düşünürəm, hər bir kişi gəncliyində mütləq siqaret çəkməli, yəni həyatın bu acısından dadmalıdı.
Siqaret çəkməlisən, lazım bilmədikdə isə iradə göstərib tərgitməlisən. Kişi spirtli içki də içməlidi, ancaq onun aludəçisi olmamalıdı. Həyata bir dəfə gələsən, onda da siqaretin, arağın nə olduğunu bilməyəsən – ayıbdı!
Məsələn, keçmiş dostum Rasim Qaraca 60 yaşını arxada qoyub, ancaq o, hələ də tort yeyir. Adam indiyə qədər nə araq içib, nə də siqaret tüstülədib. Ona görə yazdıqları da dadsız-duzsuz, həyatdan kənar şeylərdi. Siqaret acısını dadmayan, duyğularını araqla şahə qaldırmayan adam nə yaza bilər, axı? Beləsinin plastilin misraları kimə lazımdı? Həyatın içinə girə bilməyib kənarında hərlənən adamdan nə şair? Nəysə...
Nədən danışırdım? Hə! Sovetdən qalma bir adam kimi deyim ki, biz içdiyimiz araqlar həqiqətən, buğdadan çəkilir, pivələr isə təbii arpadan hazırlanırdı. Yəni, spirtli içkilər ekoloji təmiz idi, rahat içilirdi, ona görə hər bir sovet adamı spirtli içkini asanlıqla qəbul edirdi. Şəxsən mən uzun müddət spirtli içki qəbul etmişəm, lakin fasilələrlə içmişəm. Məsələn, bir həftə dalbadal içəndə aylarla fasilə vermişəm. Artıq altı ilə yaxındır spirtli içkini, yeddi ilə yaxındır siqareti atmışam. Düşünürəm, ta bu sonuncudur, bir də onlara qayıtmayacam.
İndiki gəncləri qınamıram, texniki spirtlərdən hazırlanmış içkiləri o qədər də yaxşı qəbul edə bilmirlər. Hər şey süni olduğundan təyinatı üzrə istifadə etmək olmur. Məsələn, biz yorulanda dopinq əvəzi araq içirdik. Yaxud, kədərli bir şeyi rahat unutmaq üçün araq yaxşı gedirdi. Elə sevinəndə də araq yaxşı idi. Sevimli bir dostunu görəndə mütləq "vururdun”.
Əfsuslar olsun ki, indiki siqaretlər də süni texnologiya məhsuludu. Ama, bizim çəkdiklərimiz həqiqi tütündən hazırlanırdı. Bütün bunlara baxmayaraq, yenə deyirəm, hər bir kişi siqaretin və spirtli içkinin dadına baxmalıdı.
Söhbətim təkcə araq və siqaretlə bitmir! Hər bir kişinin bir sıra texniki və məişət bacarıqları olmalıdı. Məsələn, hər birimiz otvertka ilə şrup bərkitməyi bacarmalıyıq.
Yadımdadı, Əcəmi tərəflərdə kirayələdiyim mənzilə girəndə mat qalmışdım: divardakı rozetkalar sallanır, şnurlar təhlükəli vəziyətdə qabarırdı. Özü də məndən qabaq burada azyaşlı uşağı olan ailə yaşamışdı. Demək, ailənin kişisi adi rozetkanı divara bərkitməyi də bacarmırmış.
Halbuki, hər bir kişi hələ gənc yaşlarından çəkiclə, mişarla, otverka ilə işləməyi bacarmalıdı. Bu gün Çində uşaqlara lap ibtidai siniflərdən yemək bişirməyi, taxta mişarlamağı, bitki yetişdirməyi, nə bilim, drel işlətməyi öyrədirlər.
Yemək demiş, eləcə də, hər bir kişi yaxşı yemək bişirməyi bacarmalıdı. Bizdə çox adam elə bilir yemək hazırlamaq qadın cinsinə aiddir.
Uşaqlıqdan görmüşəm, bizim bölgədə xeyirdə-şərdə kütləvi yeməkləri kişilər hazırlayırdı. Şəxsən mən özüm çox dadlı yeməklər hazırlaya bilirəm.
Sonra. Hər bir kişi elə uşaq yaşlarından velosped sürməyi, suda üzməyi, dalaşmağı bacarmalıdı. Çoxlu elementar şeylər var ki, hər bir kişi ailə qurana qədər onları öyrənməlidi. Məsələn, tərəvəz yetişdirməyi, ağac budamağı, işıq çəkməyi... Bunları bilsən insanlıq, mehriban davranmaq, dostla münasibət istedadı öz-özünə yaranacaq.
Ağac budamaq demişkən, bir dəfə kənddə gördüm bir dostum əlində mişar bağda ağac budayır. Elə uzaqdanca duydum ki, adam səhvlər eləyir. Tez özümü çatdırdım, səhvini düzəltdim, bu işin fəlsəfəsini ona izah elədim. Qoy, bilməyənlər də bilsin, budayarkən əsasən orta budaqları aradan götürmək lazımdı ki, ağac yaxşı nəfəs ala bilsin, məhsulu iri və sağlam olsun. Həm də budama zamanı yaşlı və xəstə budaqların kəsilməsinə üstünlük verilməlidi...
Qədimdə evlənmək istəyən cavan oğlanın gücünü, fəhmini və bacarığını yoxlamaq üçün qabağına iri kötük qoyurlarmış ki, balta ilə doğrasın. Qız və oğlan tərəfin adamları da oturub bu "tamaşaya” baxırmışlar ki, görək ərgənimizin bacarığı necədi. Yəni, odunu rahat, ustalıqla yara bilməyənə qız verməzlərmiş.
Yadımdadı, nənəm danışırdı ki, qədimdə evlənmək istəyən bir gənci qızgilin həyətində odunyarma sınağına çəkirlərmiş. Hər iki tərəfin adamları yığılıb oğlanın qabağına bir kötük diyirləyirlər, baltanı da verirlər ki, doğrayıb səliqə ilə bir yana yığsın. Oğlan bu işdə biraz səriştəsiz olsa da qızı ürəkdən sevirmiş. İşə başlayan oğlan baltanı götürən kimi var gücü ilə kötüyün ortasına vurur. Balta enli kötüyə batsa da odun yarılmır. Bəyimiz baltanı zorla kötükdən çıxarıb yenidən kötüyün ortasına çaxır və təzədən baltanı çıxarmağa güc verir.
Həyətdə bağlı itə təzə çalınmış yal gətirən qız oğlanın naşılığını görür və ona kömək eləmək istəyir. Bilir ki, kənardan demək olmaz, bəs, oğlana necə çatdırsın ki, kötüyün ortasını baltalamaq yox, kənarından xırda-xırda qoparıb doğramaq lazımdı. Qız bir itə baxır, bir də biabır olan oğlana. Bu yanda da it tələskənlik edir, qaynar yalı hövsələsiz içmək istəyir, az qalır azını yandırsın. Zəki qız bu zaman itə təpinmək yolu ilə sözünü oğlana belə çatdırır: "A it, üzdən-üzdən!”
Sevdi qızın səsini eşidən oğlan başını qaldırıb məhəbbətlə qıza baxır. Qız sevgilisini ötəri süzərək yenidən təkrarlayır: "A it, üzdən-üzdən!”
Oğlan sevgilisinin eyhamını başa düşür və baltanı endirərək kötüyün qıraqlarından narın-narın parçalar qoparmağa başlayır. Beləcə, iri kötüyü doğrayaraq odunları səliqə ilə bir tərəfə yığır və... sevdiyi qıza qovuşur.
Deyirəm, bəlkə həmin gələnəyi yenidən təzələyək? Yəni, ailə qurmaq istəyən gəncin qabağına bəlkə yenə kötük qoyaq? Ya bəlkə drellə işləməyini, velosiped sürməyini yoxlayaq?
Murad Köhnəqala
Şərhlər