Həmid Piriyev

Blogger
Yazılar
4
Ağ qərənfil üçün təziyə (Uzun Hekayə, I Parça)

Ağ qərənfil üçün təziyə (Uzun Hekayə, I Parça)

Həmid Piriyev

Beş yaşım vardı. İşıqlar sönmüşdü o gecə. Şüşəbənddəki odun sobası yanırdı. Hamımız sobanın yanında dövrə vurub oturmuşduq. Atam oturduğu yerdə mürgüləyirdi, anam lampa işığında pal-paltar gözəyirdi, qardaşım dəftər-kitabını tökmüşdü qabağına, sabahkı dərslərini oxuyurdu, mən yorğana bürünüb oturmuşdum, sobanın qapağındakı deşiklərdən odunların yanmağına baxırdım. Küçə qapısı döyüldü. Hamımız səksəndik, bu vaxtlar bizə gələn olmurdu. Ən çox atam qorxdu. 

Sonralar öyrəndim ki, gecə qonaqlarından qorxurmuş. Sonra sırınmasını çiyninə atıb bayıra çıxdı, qapını açanda soyuq külək dürtdü özünü içəri. Anam gözədiyi paltarı qucağına basıb, xeyir olsun, dedi. Gələn Hilal əmim imiş. Atamnan içəri girdilər. Anam dodaqaltı, şükür olsun, deyib ayağa durdu. Atam sırınmasını çıxartıb stulun söykənəcəyindən asdı. Amma əmim soyunmadı. Çay süzmək istəyən anamı da qoymadı. Tələsirəm, dedi. Ovcunda sıxdığı yumurtanı göstərdi. Bunu göstərməyə gəldim, toyuq bu gün yumurtdayıb, gördüm üstündə nəsə yazıya oxşayan şey var, apardım mollanın yanına, oxuyub dedi ki, ərəb əlifbasıynan Ey insanlar yazılıb. Yumurtanı atama verdi, atam da baxandan sonra anama ötürdü. Anam lampa işığına tutub yazıya baxanda mən də boylandım. Sarı yumurtanın üstündə qəhvəyi rəngli əcaib, əyri-üyrü xətlər vardı. 

Allahın işinə bax e, atam dedi. Xeyirliyədi, əmim başını tərpətdi. Əmim bu yumurtaya möcüzə kimi baxırdı, yumurtanı atama göstərəndə əlinin titrədiyini görmüşdüm, səsi də titrəyirdi. O qədər həyəcanlanmışdı ki, səhəri gözləyə bilməmişdi. Gecəynən eşşəyə minib iki kənd bu yana gəlmişdi ki, bu möcüzəni bizə də göstərsin. 

Əmim yumurtanı alıb ayağa durdu. Heç olmasa çay içəydin, soyuqdan gəlmisən, atam dedi. Yox, əmim dedi, uşaqlar təkdi, gedim evə. Əmim getdi, sonra anam yerlərimizi saldı. Mən yerimə girib uzandım, qorxmuşdum, yuxum qaçmışdı. 

Qardaşım bunu görüb məni bir az da qorxutdu, əllərini qaldırıb səsini boğa-boğa Ey insanlaaaaar dedi, yorğanın altında lap büzüşdüm. Sonra məni haçan yuxu apardı, bilmədim. 

Üstündən qırx iki il keçib. Bir az az, bir az çox. Onda qış ayıydı, indi payızdı. Qırx iki ilin tamamına az qalıb onda. Yəni bunun çox da fərqi yoxdu. Bu gün oğlumun üçüdü. Molla axirətdən danışır, birdən o yumurta yadıma düşdü. Görəsən o yumurta sonra necə oldu? Əmim onu neynədi? Bəs oğlum? Bəs oğlum necə oldu? Oğlum? Oğul. Mənim oğlum. Hə, mənim oğlum. Hardadı indi o? Nəşi torpaqdadı. Kənddə, atamnan anamın yanında basdırdıq. Bəs ruhu? Bəs ruhu hardadı? Çadırda oturmuşuq. Hamı mənə başsağlığı verir. Heç üzlərinə baxmıram. Başımı tərpədib, Allah ölənlərinizə rəhmət eləsin, deyirəm. Kimdi bu adamlar? Qorxuram onlara baxmağa. Ölənlər gəlib dayanır qabağımda başımı qaldıran kimi. Yasa gələnlərin simasında atamı görürəm, anamı görürəm, qardaşımı görürəm, Əbsalamı görürəm, Ağadadaşı görürəm, keçmişimdə qalan adamları görürəm. Onlar hardadı indi? Ölüblər. Heç bəzilərinin yasında iştirak edə bilməmişəm. Amma öldüklərini bilirəm. Ölüblərsə bəs burda nə gəzirlər? Nə işləri var burda? Nə istəyirlər məndən? Nə üçün gəliblər? Bir vaxt mənə əziz olan rəhmətliklərin hamısı burdadı. Oğlumdan başqa... 

Atamı axırıncı dəfə gördüyüm kimi görürəm. Arıq, gözləri çuxura düşmüş, bənizi sarımtıl, alnı dərin qırışlı. Çarpayıda uzanıb. Əllərini sinəsinəcən çəkdiyi yorğanın üstündən çıxartıb, damarları çıxmış qabarlı əlləri torpaq rənginə çalır, göyümtül, kobud dırnaqlarının ucları çatlayıb, bir-iki dırnağında qırmızı xətlər var, elə bil gözləri kimi onlar da qan çəkib. Gözlərinin işığı sönüb, parıltısı yoxdu. Hər səsə diksinir, bədənindən gizilti keçir. Əslində həmişə belə olub, amma qabaq bunu gizlədə bilirdi, indi bacarmır. Uşaqlığında yaşadığı qorxu canındadı. Ömür boyu bu qorxuyla yaşayıb. 

Ömür boyu gecə düşən kimi ürəyi döyünməyə başlayıb, gecənin qaranlığı həyəcan gətirib özüynən, səksəkə gətirib. Atasının aparıldığı gecə bütün ömrünə hakim kəsilib, o gecədən sonra rahat yuxunun nə olduğunu bilməyib. Ümumiyyətlə rahatlığın nə olduğunu bilməyib. Həmişə gözü qapıda qalmaq, həmişə nəsə gözləmək, hər an kiminsə gəlib səni aparacağını gözləmək, həmişə nədənsə çəkinmək, hamıya şübhəylə baxmaq, az danışmaq, bacardığın qədər heç danışmamaq – atamın ömrü bundan ibarətdi. Atam özü heç vaxt babamdan, necə yaşadığından, nə elədiyindən, necə aparıldığından danışmayıb. Heç biz də soruşmamışıq. Bu mövzuda danışmaq istəmədiyini bilirdik. 

Babam haqqında bildiklərimi əmimdən, ya da başqa qohumlarımızdan eşitmişəm. Dəyirmançı olub babam. Balacalıqdan Zabratdakı dəyirmanda işləməyə başlayıb. Otuzuncu illərdə öz kəndimizdə dəyirman tikdirib. Bu, kəndimizdəki birinci və axırıncı dəyirman olub. Babamı otuz yeddidə kulak adıynan aparıblar. Arvad-uşağını iki kənd o tərəfə köçürdüblər. Atam onda səkkiz yaşında olub, əmim altı, bibim də qucaqda olub hələ. Bəraət alınandan sonra nənəm daha bura qayıtmaq istəməyib. Əmimlə köçürdükləri kənddə qalıb, atam gəlib burdakı həyəti səhmana salıb. Biz burda doğulmuşuq. Qardaşımla mən. Babam haqqında əfsanəyə oxşayan sözlər dolaşmaqdaydı. Tez-tez hansısa uzaq qohumumuzdan eşidirdim ki, guya babamın kilo-kilo qızılı olub. Harda basdırıb, necə olub? – burasını bilən yoxdu. Bu söz-söhbətə çox da inanmıram. Kənddəki ev babamın tikdirdiyi evdi, indiyəcən də qalıb. İki gözlü, xudmani evdi. 

Kilo-kilo qızılı olan adamın da heç o boyda evi olar? Babam deyildiyi kimi imkanlı olsaydı, gərək sarayda yaşayaydı. Amma bilmirəm. Hər şey ola bilər. Hər halda babam o gedən gedib. Başına nə gəldiyini bilmirik. Bəzisi deyib, sürgünə göndəriblər, bəzisi deyib, güllələyiblər. Babamı aparıblar, amma o gecənin qorxusu həmişəlik ailəsinin canında qalıb. Əmimin dediyinə görə, atam babama oxşayırdı. Əmim deyirdi ki, nənəm ölən gün bütün günü sayıqlayıb, arada hardasa yarım saat özünə gəlib, atama baxıb, elə bilib babamdı, ay Soltan, deyib, haçan buraxıblar səni, salamatsan, gəlirdin, bəs nöş xəbər eləməmisən, hazırlıq görərdik. Ondan sonra yenə sayıqlamağa başlayıb, daha özünə gəlməyib. Əmim deyir, nənə öləndə atam çox pis olub, neçə gün özünə gəlməyib. Mənim yadımda deyil, atam elə üç-dörd gün əmimgildə qalmışdı nənə öləndə, evə sonra qayıtmışdı. 

Bir də anamın dediyinə görə, babamın dəyirmanını sökəndə atam özündə deyilmiş. Dəyirman qalıbmış o vaxtdan. Altmışıncı illərin əvvəllərində söküb yerində dükan tikiblər. 

Sökülən gün bütün kənd tamaşaya yığılıbmış. 

Ondan sonra da atam neçə vaxt özünə gələ bilməyib. Bütün günü dəli kimi oyan-buyana fırlanıb, atamın başdaşısını sökdülər, deyirmiş...

(Ardı var)




OXŞAR XƏBƏRLƏR