Bu yaşa çatmışam, hələ görməmişəm ki, hansısa böyük kino festivalı, o cümlədən də Kann, bizdə belə böyük "müzakirələrə-mübahisələrə” səbəb olsun, az qala, mötəşəm "şou-biznes”imizin, hətta "mədəniyyət xəbərləri”mizin gündəmini zəbt etsin.
Yox, ulu xalqımız bu dəfə də üslubuna, xasiyyətinə və andına sadiq qaldı, "ölərik, ciddi müzakirə açmarıq” dedi və heç kim "Kannda hansı film qalib olacaq”, "mükafatı niyə bu, yox, digər bir filmə verdilər?” kimi mübahisələr aparmadı, sadəcə, iki sənət adamı nəyin üstündəsə bir xeyli mübahisə etdilər və şəxsən mən səmimi şəkildə etiraf edirəm ki, bu "mübahisə”lərdən heç nə almadım.
Nə yaxşı ki, digər bir xəbər tez bir zamanda bütün bu "mübahisələri” tamamca kölgədə qoydu, məlum oldu ki, festivalın ali mükafatını iranlı rejissor, bizim cənublu soydaşımız Cəfər Pənahi alıb.
Doğrusu, mənimçün çox böyük minus sayılsa da, etiraf edirəm ki, bu adamı daha çox İran rejiminə qarşı bir ictimai fəal kimi tanımışdım.
Bir-iki il bundan əvvəl oxumuşdum ki, iranlı rejissor Cəfər Pənahi Avropanın ali demokratiya mükafatlarından birini – Andrey Saxarov mükafatı alıb.
Budur, indi də kino sahəsində ən böyük mükafatlardan biri – məşhur Kann festivalının mükafatı! Nə demək olar? Təbriklər, təbriklər və yenə də təbriklər, qardaşım! Söz verirəm ki, ən qısa müddətdə sənin kino yaradacalığınla bağlı bilgilərimdəki bəzi probelləri aradan qaldıracağam.
Yenidən Azərbaycanımıza qayıdaraq deyim ki, kinodan, Kanndan belə danışmaq lazımdır, əzizlərim.
Otuz-qırx ildir ki, qonşu İranın kinosu mollakratiyanın bütün təpkilərinə baxmayaraq (amma qonşu ölkənin kimosunu dünya üçün maraqlı edən həm də budur – bəli, nə qədər paradoksal olsa da!), sözün əsl mənasında yüksəliş yaşayır.
Sovet rejimindən sonra bizim də kinomuzun yüksələcəyinə ümidlər oldu, amma sovet dövründə də (rəhmətlik Rüstəm İbrahimbəyovu unutmaq olarmı?), sonrakı dövrlərdə də müəyyən epizodik irəliləyişlər müşahidə olunsa da (elə götürək, Ayaz Salayevin "Yarasa” filmini!), hələ ki filmlərimizin sorağı ən ali kino festivallarından gəlmir.
Əvvəllər əsas səbəb kimi bizim başbilən kino adamlarımız deyirdilər ki, bəs kino nəhəng biznesdir, Hollivud təkcə kinoindustriyası deyil, həm də nəhəng maliyyə korporasiyasıdır! Bəli, bu sözlərdə həqiqət var, amma bir azacıq. Əvvəlcə hamımız dünya kino sənəti sahəsində naşı idik, amma sonra gördük ki, heç də belə deyil, böyük festivallarda heç də hmişə PUL qalib gəlmir, daha çox SƏNƏT qalib olur...
Ağlım kəsəndən başladım böyük festivalların filmlərinin həm də büdcəsi ilə maraqlanmağa.
Bəli, çox böyük büdcəli filmlər var, amma nə qədər, qəribə olsa da, bu, daha çox "bazar təyinatlı filmlərə” – nə bilim, "boyevik”lərə, "ujas”lara, "fantastik trillerlər”ə aiddir.
Cəfər qardaşmızın da qalib filminin büdcəsilə maraqlanmağa cəhd etdim: məlum oldu ki, söhbət bir neçə min, hətta 2500-3000 dollardan gedir! Bəli, səhv etmirəmsə, belə yazdılar...
Odur, mənə elə gəlir ki, geriliyimizin səbəblərini başqa müstəvilərdə axtarmalıyıq. Birincisi, sovet kinosu, əbəttə, məktəb idi, amma onun özü də dünya kinosunda bir damla idi. Bizim gənc rejissorlara sözün əsl mənasında məktəb lazımdır.
Sovet kinosunun banisi Sergey Eyzenşteyn belə neçə illər xaricdə çalışmışdı, hətta deyilənə görə, neçə rejissora assistentlik etmişdi. Özü də bu adam totalitar rejimin kinosunu (özü buna "intellektual kino” deyirdi!) yaratsa da, çox intellektual bir adam idi, hətta Ceyms Coys kimi yazıçıların pərəstişkarlarından idi.
Xaırladım ki, Coys irland yazıçısı olub və ən əsası da bu adam ədəbiyytada necə yazmaq və nədən yazmaq haqqındakı təsəvvürləri tamamilə dəyişib – bir reklam agentinin bircə günlük həyatından necə yüzlərlə səhifəlik çox böyük roman ("Uliss”i nəzərdə tuturam) yazıb.
Bizim sənət adamlarının ən böyük problemlərindən biri də şərqlilərə məxsus tənbəllik (bu sözümü üzrlü saysınlar!) və bir də cəsarətsizlikdir. Mən Kannda ali mükafat almış Cəfər Pənahinin öz məqsədinə çatmaq üçün necə bir mücadilə apardığına da diqqət etməyə çağırardım – bəli, əsl sənət adamı həmişə potensial olaraq DİSSİDENT olmalıdır, hətta ən demokratik ölkədə belə!
Bilirsinizmi, söhbət ondan getmir ki, sənət adamı gedib hansısa müxalifət partiyasının üzvü olmalıdır, siyasi mübarizə aparmalıdır! Yox, yox, yenə də yox! Rəhmətlik Rüstəm İbrahimbəyov siyasətə gəlmək istəyəndə şəxsən mən yazmışdım ki, Rüstəm müəllim, etməyin bunu, Sizin ən böyük siyasətiniz sənətinizdir, senarilərinizdir, pyesləriniz və kinonuzdur!..
Bir daha deyirəm ki, sənət adamları, o cümlədən də böyük kino adamları, rejissorlar, hətta müxalifətçilərin özlərinə qarşı müxalifətdə olmalıdırlar, mən hələ onu demirəm ki, bu sahənin nəhəngləri yaradıcılıqları ilə bəzən hətta cəmiyyətin özünə qarşı müxalifətdə olurlar. Çox təəsssüf, buna əksər sənətçinin gücü və qüdrəti çatmır, ona görə də dəyərli bir şey yarada bilmirlər, özlərinə əziyyət vermirlər, "bir məhəllənin dahisi” olmaqla kifayətlənirlər.
Hüseynbala Səlimov
Şərhlər