Həmid Piriyev

Blogger
Yazılar
4
Ağ qərənfil üçün təziyə (Uzun Hekayə, II Parça)

Ağ qərənfil üçün təziyə (Uzun Hekayə, II Parça)


Həmid Piriyev


Atamı axırıncı dəfə gördüyüm kimi görürəm. Üzündə qorxuqarışıq əzabkeş ifadə, gözləri dərin çuxurda, alnında, yanaqlarında, gözlərinin ətrafında dərin qırışlar... Atam özündən çox yaşamışa oxşayırdı, elə bil babamın yaşaya bilmədiyi illəri də atam yaşamışdı, babamın çəkə bilmədiyi dərdi də atam çəkmişdi. Atam səssiz getdi dünyadan. Axır nəfəsində içindən bir ağrı qopdu, amma atam uddu ağrını, içində boğdu, dodaqlarını bir-birinə sıxıb gözlərini yumdu, bircə hıçqırtıya oxşar səs çıxdı boğazından. Gözlərini açmağa macal tapmadı, canını tapşırdı. 
Bəlkə də özü açmadı gözlərini. Bilmirəm. Atam gedir, anam gəlir. Qabağımda dayanır, əllərini uzadır mənə tərəf. Əlləri çatmır mənə. Üzümə toxunmaq istəyir, toxuna bilmir. Qucaqlamaq istəyir, qucaqlaya bilmir. Ağlamsınır. Ləçəyinin ucunu dodaqlarına basır. 

Anama baxa-baxa mollanın səsini eşidirəm. O dünyada qohumlar bir-birini tanımayacaq, deyir, daha doğrusu, tanımaq istəməyəcək, bəlkə kiminsə savabı azdı, cənnətə girməyə bəs eləmir, gəlib ondan savab istəyə bilər, ona görə heç kim heç kimi tanımaq istəməyəcək. 

Anama baxıram, anam da o dünyadadı axı, bəs onda neyçün məni tanıyır, neyçün yanıma gəlib? Bunu molladan soruşmaq istəyirəm, amma anamın gülümsədiyini görüb dayanıram. Hə, anam mənə gülümsəyir, gözləri hələ də doludu, amma dodaqları gülümsəyir, gülümsəyəndə yanaqları almalanıb yuxarı dartılır, gözləri qıyılır, kipriklər daha göz yaşını saxlaya bilmir, hər gözündən bir damcı yaş çıxıb birçək tərəfdən aşağı süzülür, amma çənəsinə çatmır, yarı yolda dayanır. 

Hər gözündə bir damcı yaş vardı anamın, o da yolun yarısınacan bəs edir. İki nəfər görürəm. Biri böyükdü, biri balaca. Böyük olan qadındı, balaca olan oğlan uşağı. Böyük olan anamdı, balaca olan mənəm. Harasa gedirik, ya da hardansa gəlirik. Anamın əlindən tutmuşam. Gedə-gedə əyilib yerdən daş götürmək istəyirəm. Anam dartışdırır məni, qoymur daşı götürməyə. Zarıyıram. Fikir vermir, məni dalıycan sürüdür. Tabe oluram. Molla fatihə verir, deyəsən yenə gələn var. Gələnlərə baxıram, tanıdığım adamlar deyil. Akif yanlarındadı, yəqin onun tanışlarındandı. Akif qaynımdı, üç gündü dəli kimi fırlanır, nə elədiyini, nə dediyini bilmir. Özünü günahkar sayır. Onu sakitləşdirməkçün nəsə demək istəyirəm, amma bilmirəm nə deyim. Oğlumun ölümündə özünü günahkar sayır. Özünü ələ al, demək istəyirəm, həyatdı da, bir gün gələn bir gün də gedir, vaxtı çatmışdı Eldarın, necə olsa öləcəkdi, sənlik bir şey yoxdu, demək istəyirəm, amma nə üçünsə demirəm. 

Bilmirəm nə üçün. 

İki nəfər görürəm. Biri böyükdü, biri balaca. Böyük olan qadındı, balaca olan oğlan uşağı. Böyük olan anamdı, balaca olan mən. Anam yerə süfrə sərir, evin küncündəki əl dəyirmanının əvvəl bir layını, sonra ikinci layını gillədib gətirir, süfrənin üstündə rahlayır. Sonra arpa torbasını götürüb yerə oturur. Onuynan üzbəüz otururam. Bir ovuc arpa götürüb dəyirmanın gözünə tökür, taxta dəstəyindən tutub fırlatmağa başlayır, arpa dənələri xırdalanıb layların arasından süfrənin üstünə tökülür. Anam ovuc-ovuc arpa götürüb üyüdür. Dəstəyi fırlatdıqca bədəni yırğalanır, dəyirman ahəngində sağa-sola yellənir. Bunu neynəyirsən, soruşuram. Cücələrçün üyüdürəm, deyir, cücələr balacadı hələ, bütöv arpanı uda bilmirlər, hələlik yarma yeməlidilər. Bəs qədər arpa üyüdəndən sonra dəyirmanın üst layını götürüb dikinə tutur ki, üstündə arpa qalmasın, təmizlənsin. Alt layı da eyni cür təmizləyir, gillədib evin küncünə söykədir. 

Mən üyüdülmüş arpaynan oynayıram, ovcuma götürürəm, çeçələ barmağımnan ovcumun arasından nazik axınla süzürəm. Qum saatı kimi. Sonra çoxlu qarışqa görürəm. Hər yerdədilər. Evdəkilər xırda, bayırdakıları iridi. Süfrənin üstündəkiləri barmağımla basıb öldürürəm, yerə atıram. Amma onlar qurtarmır. Öldürdükcə dirilirlər elə bil. 

Qənddandan qənd götürüb ağzıma atıram, çeynəyirəm. Üstündə qarışqa varmış, qarışqanın turşməzəliyi qəndin şirinliyinə qarışır. Çimçəşirəm, amma qəndi tüpürməyə heyfim gəlir. İki nəfər görürəm. İkisi də böyükdü. Biri qadındı, biri oğlan. Qadın anamdı, oğlan mənəm. Yan-yana haradasa gedirik, ya da hardansa gəlirik. Əmin deyiləm. Daha əyilib daş götürmək istəmirəm. Heç yoldakı daşlara baxmıram da. Fikirlirəm. Anam da fikirlidir. Anam mənə baxıb gülümsəyir. Qucaqlamaq istəyir, amma əlləri çatmır. Molla fatihə verir. Bütün ölənlərin əmvatına salavat çeviririk. 

Yas qurtarır. 

Durub çadırın qapısında dayanıram. İçəridən çıxanlar başsağlığı verib gedir. Hər dəfə kimsə başsağlığı verəndə, allah valideyninizə rəhmət eləsin, deyirəm. On dəfə deyirəm, əlli dəfə deyirəm, yüz dəfə deyirəm. Yasa gələnlərin axırıncısı gedənəcən deyirəm. Molla da çadırdan çıxır. Akif cibinə pul basır, sürücüsünə tapşırır ki, mollanı evə aparsın. Beş-on nəfər ən yaxın adam qalır. Çadırın yiyəsi də artıq burdadı. Akiflə baxışırlar, Akif başıynan razılıq işarəsi verir. Çadır yiyəsi işçilərini çağırır, çadırı sökəcəklər indi. Amma əvvəlcə stol-stulu daşımaq lazımdı. Özləri bilir, öz qaydalarıynan işə başlayırlar. 

Biz keçib ağacların altında otururuq. Ordan-burdan danışmağa başlayırlar. Heç kim Eldarın adını çəkmir, yasdan danışmır. Elə bil hazırda sökülən çadırın, yasın heç bizə aiddiyyatı yoxdu, elə bil ölən bizdən deyil, elə bil təsadüfən görüşüb söhbət edirik. Akif dalbadal siqaret çəkir, hələ də özünə gəlməyib. Baxışlarımız qarşılaşanda tez yayındırır, üzünü o tərəfə çevirir. 

Əlbəttə, onu başa düşürəm. Onun yerində mən olsaydım, bilmirəm nə edərdim. Ağır vəziyyətdi, çıxılmaz vəziyyətdi. 

Tez-tez qopuram burdan. Bilmirəm nə qədər çəkir gedib-gəlməklərim. Özümə gələndə kəsdirə bilmirəm hardayam. Yasdı, kimin yasıdı? Kim ölüb? Hələm-hələm yadıma sala bilmirəm. 

İki uşaq görürəm. Qartopu oynayırlar. Qabaq kəndə qar çox yağırdı. Gecə yatırdıq, səhər durub görürdük ki, qar dizdən yuxarıdı. Qar yağan kimi hamı kürəyi götürüb evin yolunu təmizləyirdi. İndi o qədər yağmır, bəzi illərdə ümumiyyətlə yağmır, iqlim çox dəyişib. İki uşaq qartopu oynayır. Birinin doqquz yaşı var, birinin yeddi. Biri qardaşımdı, biri mən. Qardaşım məni qarın içinə yıxır, bir ovuc qar götürüb üzümə sürtür. Sonra ikinci dəfə, sonra üçüncü dəfə. Qar üzümü yandırır, ağzıma, burnuma dolur. Qardaşımı üstümdən salmaq istəyirəm. Gücüm çatmır. Ağlamağa başlayıram, qışqırıram. Səsə anam çıxır, qardaşıma acıqlanır. Ağlaya-ağlaya evə qaçıram. Qardaşım indi məniynən üzbəüz oturub. Yəqin o qartopu məsələsini xatırlamır. Mən də xatırlamırdım, bilmirəm hardan yadıma düşdü. Başımı qaldırıb binanın üçüncü mərtəbəsinə, mənzilimizin pəncərəsinə baxıram. Görəsən indi neynirlər? Evə çıxmaq istəyirəm, amma həm də istəmirəm. Ruqiyyəni, qızları o vəziyyətdə görmək istəmirəm. Amma çıxmalıyam. Məni yanlarında görməlidilər.

(Ardı var)


OXŞAR XƏBƏRLƏR