İdman 09:51 25.01.2022

Ağatahir Əzimov: “Onların braziliyalıları bizim braziliyalılardan səviyyəlidir”

Futzal millimizin AÇ-2022-dəki ilk matçı uğursuz alındı. Gürcülərlə qarşılşamada Alesionun komandası hesabda 2 top fərqi ilə öndə olsa da, bu üstünlüyü qoruyub saxlaya bilməyərək 2:3 hesabı ilə məğlub oldu. Qarşıdan isə Bosniya və Hersoqovina ilə İspaniya yığmasına qarşı oyunlar gəlir. Yığmanın sabiq qapıçısı, hazırda futzal üzrə U-19 millimizin baş məşqçisi Ağatahir Əzimov həm gürcülərlə oyun haqda, həm də qarşıdan gələn matçlarla bağlı fikirlərini bildirib.

Əzimov Qaynarinfo-ya açıqlamasında şansımızın olduğunu deyib: 

"Şansımız var, amma çox azdır. Çünki əsas oyunumuz gürcülərə qarşı idi. Onlar da heyətlərinə səviyyəli braziliyalı futzalçılar toplayıb. Güclü komandaları var. Aralarında Çempionlar Liqasının qalibi olanlar var. Onların braziliyalıları bizimkilərdən səviyyəlidir. Yaxşı klublarda oynayan oyunçulardır. Bizdə də bir neçə yaxşı oynayan var. Onlardan biri Qalo idi ki, gürcülərlə matçda oynamadı. Əsas qapıçımız da olmadı. Gürcülərdən üstünlüyümüz yalnız məşqçilərlə bağlı idi. Onların məşqçiləri bizimkinə baxanda zəif idi. Alesio isə neçə illərdir Azərbaycan millisində çalışır və təcrübəlidir. Gürcülərin özləri də azərbaycanlılardan zəif deyildi. Amma heytlərindəki braziliyalılar səviyyəcə daha yaxşı idi”.

Məşqçi hakimlərin də səhvlərini qabardıb: 

"Əvvəldən hər şey yaxşı alındı, hesabda 2:0 öndə idik. Buna baxmayaraq, onlar hər iki hissədə bizi sıxdılar. İlk qolu vurandan sonra irəli getdik və daha bir dəfə fərqləndik. Açıq oynamaq olmazdı. Çünki əks hücumda bizi "tutacaq”dılar. Biz müdafiəyə oturduq. Hakim də bəzi məqamlarda səhv elədi. Qapımıza penalti təyin etməzdən əvvəl, top rəqib oyunçunun əlinə dəymişdi. Həmin anda oyunu saxlamadı, amma qapımıza penalti təyin etdi. Fikrimcə, xorvatlar bizə qarşı qərəzli idilər. Çünki Bakıda çempionat keçiriləndə, Ukrayna ilə Azərbaycan növbəti mərhələyə adladı, Xorvatiya isə kənarda qaldı. O da bunların yadında qalıb. Elə bir an gözləyirdilər ki, əlehimizə qərar qəbul etsinlər. Mənim fikrimcə, belədir. Onlara heç nə sübut etmək olmaz. Amma məntiq var, bizim qapımıza penalti verirsə, həmin vaxt oyunu da saxlamalı idi. Təkcə həmin epizod deyildi. Bir neçə dəfə məqamlar oldu ki, hakimlər qərəzli qərar qəbul etdilər. Gürcülərdən belə oyunu çoxdan gözləyirdim. Əvvəl braziliyalı futbolçuları yox idi deyə, rahat oynayırdıq. Ancaq indi legionerləri yığıblar. Həm də səviyyəli oyunçulardı, hələ bir neçəsi də oynamırdı. Belə olmalıdır”. 

Mütəxəssis buraxılan səhvlərdən və digər rəqiblərimizin gücündən də danışıb:

"Hesbda 2:0 irəli çıxandan sonra sanki onlardan qorxmağa başladıq. Mənim fikrimcə, müdafiəyə çox çəkildik ki, hesabı qoruyub saxlayaq. Onlar sıxırdı, biz isə demək olar, heç nə etmirdik. Əvvəlki futzalçılarımız, Serjao, Biro Jade, Vitali Borisov, Rizvan Fərzəliyev və digərləri 5-li taktikanı daha yaxşı yerinə yetirirdilər. Avropada ən yaxşı 2-3 komanda arasında idik. İndikilərdə bu, elə də alınmır. Amma bu taktikadan istifadə etməyə məcbur idik. Çünki komanda uduzurdu və vəziyyətdən çıxmaq lazım idi. Gürcülərlə heç-heçə oynamaq lazım idi ki, şansımız qalsın. Bosniya və Hersoqovinanı məğlub etsək, bəlkə də top fərqi ilə ikinci pilləni tuta bilərdik. Uduzmağımız şanslarımızı çox azaldıb. İndi Bosniya və Hersoqovinanın gürcüləri udmasına ümid etməliyik. Əslində hər şey mümkündür. Sadəcə, real baxmaq lazımdır. İspanlar güclüdür. Dünyaa 2-3 ən yaxşçı komandadan biridir. Bizimkilər də zəif deyil, oynamağa çalışacaqlar. İspanlardan 1 xal alsaq belə, yenə bizə kömək etməyəcək. Çünki gürcülər Bosniya və Hersoqovinanı məğlub etsə, 6 xalları olacaq. Belədə həmin 1 xal bizim üçün əhəmiyyət kəsb etməyəcək. Bosniya və Hersoqovina orta səviyyəli komandadır. İspaniya isə topla çox yaxşı oynayır, onu rəqibə vermir, özündə saxlayır”.

Səbuhi Həsənov