Donald Trampın inauqurasiyasından yeddi aydan bir qədər çox vaxt keçib, lakin bu müddət kifayət edib ki, ABŞ-ın beynəlxalq nüfuzu ciddi şəkildə zədələnsin. "Amerikanı yenidən böyük edək" şüarı altında Tramp ölkəsini getdikcə daha az hörmət edilən bir dövlətə çevirdi.
Qaynarinfo xəbər verir ki, bunu "The Atlantic" jurnalı yazıb.
Məqalədə qeyd olunur ki, Rusiya, Çin və Şimali Koreyanın liderləri Trampı uzun müddət müşahidə edərək onu ciddi qəbul etmədikləri qənaətinə gəliblər.
Nəşr Pekində Yaponiyanın II Dünya müharibəsində kapitulyasiyasının 80 illiyinə həsr olunmuş sammiti xüsusi nümunə kimi göstərir. Bu tədbirə hətta Lukaşenko dəvət olunub, amma ABŞ prezidenti siyahıya salınmayıb. Halbuki Yaponiya imperiyasının məğlub edilməsində əsas rol məhz ABŞ-a məxsus idi.
"The Atlantic" yazır ki, Alyaskada baş tutan görüş Tramp üçün diplomatik fiasko ilə bitmişdi. Pekində isə Putin, Si və Kim hərbi güc nümayişi fonunda bir-birinə dəstək ifadə edirdi.
Jurnal Trampın siyasətini elə də uğurlu olmayan başqa nümunə ilə də müqayisə edir – ABŞ-ın sərt ticarət tarifləri nəticəsində qədim rəqiblər olan Hindistan və Çin arasında münasibətlərin yaxşılaşması.
Nəşrə görə, Trampın Pekin tədbirinə dəvət olunmamasına reaksiyası "üçüncü dərəcəli liderin" davranışına bənzəyib. ABŞ prezidenti bunu sosial şəbəkələrdə "Çinin Amerikaya qarşı sui-qəsdi" kimi təqdim edib.
"The Atlantic" vurğulayır ki, avtokrat liderlər Trampın bacarıqsızlığından istifadə edir, ABŞ-ın müttəfiqləri isə daim onun eqosunu sakitləşdirməklə məşğuldur. Trampın siyasəti dövlət maraqlarına deyil, şəxsi məqsədlərinə – ilk növbədə Nobel sülh mükafatını qazanmaq arzusuna xidmət edir.
Ən təhlükəli məqam odur ki, onun ətrafında artıq peşəkar komanda yoxdur. Birinci prezidentlik dövründə bürokratik aparat işləri idarə edə bilirdi. İndi isə Tramp şəxsi sədaqətinə görə seçdiyi, lakin təcrübəsiz adamlara güvənir.
"Amerika indi axına buraxılıb. Onun nə ardıcıl xarici siyasəti, nə milli müdafiə və diplomatiyanı idarə edən peşəkar kadrlardan ibarət komandası var. ABŞ-ın başında isə yalnız dünyanı öz şəxsi maraqları prizmasından görən bir prezident dayanır. Buna görə də Pekində toplaşan avtokrat liderlər özlərini daha sərbəst aparır və nə Trampı, nə də onun ölkəsini ciddi qəbul edirlər", deyə "The Atlantic" qeyd edib.
Aydın
Şərhlər