29 yanvar gecəsi ABŞ ordusuna məxsus bir "Black Hawk" helikopteri Vaşinqtondakı Ronald Reyqan Milli Hava Limanına eniş etməyə çalışan "American Airlines" sərnişin təyyarəsi ilə Potomak çayı üzərində toqquşdu. ABŞ prezidenti Donald Trampın təsdiqlədiyi məlumata görə, təyyarədə olan 60 sərnişin və 4 ekipaj üzvü həyatını itirib. Helikopterdə olan üç hərbçinin də xilas olmadığı bildirilir. Hazırda 40-dan çox cəsədin tapıldığı, lakin qurbanların tam siyahısının hələ açıqlanmadığı qeyd edilir.
Qaynarinfo xəbər verir ki, bu faciəli hadisə son illərdə liderlik böhranı və maliyyə çatışmazlığı ilə gündəmə gələn Federal Aviasiya Administrasiyasının (FAA) fəaliyyətini yenidən müzakirəyə çıxarıb. ABŞ Milli Hava Hərəkəti Nəzarətçiləri Assosiasiyasının (NATCA) prezidenti Nik Daniels qəzanın dəqiq səbəbləri barədə danışmaq üçün hələ tez olduğunu bildirərkən, Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) araşdırmaları davam etdirir.
FAA və idarəçilik boşluğu
CNN-nin məlumatına görə, FAA-də bir neçə vacib rəhbər vəzifə uzun müddətdir boş qalıb. Bunlara hava limanlarına nəzarət edən müavin, təhlükəsizlik və təhlükəli maddələr üzrə müavin, baş hüquq müşaviri, kommunikasiyaya cavabdeh müavin və hökumət və sənaye əlaqələrinə cavabdeh müavin vəzifələri daxildir. Bu struktur boşluqları agentliyin effektiv fəaliyyətinə mane olduğu üçün tənqidlərə səbəb olub.
Əslində, bu boşluqların əksəriyyəti qarşısı alına biləcək problemlər idi. FAA-nın sabiq rəhbəri Mayk Uitaker ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən bu vəzifəyə gətirilsə də, bir ay əvvəl istefa verəcəyini açıqlamış və Trampın vəzifəyə başladığı gün postunu tərk etmişdi. Onun bu vəzifədən illər əvvəl ayrılması isə təşkilatın onsuz da çətin olan idarəçiliyini daha da zəiflədib.
İlon Maskın rolu nədir?
Məhz bu nöqtədə İlon Maskın adı müzakirələrin mərkəzinə düşür. O, 25 sentyabrda X (keçmiş "Twitter") platformasında paylaşım edərək, Uitakerin "SpaceX" və onun təhlükəsizlik prosedurlarına dair tənqidi fikirlərinə cavab olaraq FAA rəhbərliyindən istefa verməsini tələb etmişdi.
Məlumata görə, Tramp administrasiyası FAA rəhbəri vəzifəsi üçün kimin seçiləcəyi məsələsində Maskın fikirlərini nəzərə alır. Lakin Tramp hakimiyyətə gəldikdən sonra FAA ilə bağlı konkret bir təyinat hələ ki həyata keçirilməyib.
"SpaceX" və "Starlink"ə kəsilən cərimələr
Mübahisə yalnız Maskın tənqidləri ilə məhdudlaşmır. 2023-cü ildə FAA "SpaceX"ə lisenziya tələblərinə əməl etmədiyi üçün 630 min dollardan çox cərimə tətbiq etmişdi. Bundan əlavə, Maskın peyk rabitə şirkəti "Starlink" də FAA tərəfindən maliyyə sanksiyaları ilə üzləşmişdi.
Son zamanlarda Donald Tramp tərəfindən hökumətin "lazımsız xərclərdən və korrupsiyalaşmış bürokratiyadan təmizlənməsi" üçün yaradılmış yeni komissiyanın (DOGE) rəhbəri təyin edilən Mask FAA-ya qarşı tənqidlərini daha da gücləndirib və bu qurumda "radikal islahatlar" tələb edib.
Ekspertlər bildirir ki, istər Tramp, istərsə də Bayden dövründə FAA illərdir kifayət qədər maliyyə ayrılmaması problemi ilə üzləşib. Bayden administrasiyası FAA-nın maliyyə çatışmazlığına qarşı yeni bir qanun layihəsini imzalasa da, bu layihə Ronald Reyqan Hava Limanının uçuş sayını artırdığı üçün bəzi dairələr tərəfindən tənqid edilib.
Qəzanın mümkün səbəbləri
Hadisə ilə bağlı əldə edilən ilkin məlumatlar göstərir ki, FAA-nın maliyyə və idarəetmə böhranı, hava limanındakı yükün artması və nəzarət boşluqları bu faciəyə yol aça biləcək əsas amillər arasındadır.
Hava limanının genişləndirilməsi: 2023-cü ilin mayında qəbul edilən qərarla Ronald Reyqan Hava Limanı əlavə uçuşlara açılmışdı. Lakin Virciniya ştatının senatoru Tim Keyn hava limanının normalda illik 15 milyon sərnişin qəbul etməli olduğu halda, 25 milyon sərnişinə xidmət göstərməyə məcbur edilməsinin problemlərə yol aça biləcəyini öncədən xəbərdar etmişdi.
Sərnişinlər arasında tanınmış idmançılar: Qəzaya düşən təyyarədə ABŞ-ın "US Figure Skating" federasiyasının bəzi fiqurlu konkisürmə idmançıları da var idi. Rusiyanın rəsmi xəbər agentlikləri isə iki dünya çempionu konkisürənin də sərnişinlər arasında olduğunu bildirib.
Helikopterin rolu: "American Airlines" şirkətinin baş icraçı direktoru Robert Ayzom qəzaya hərbi helikopterin səbəb ola biləcəyini deyib: "Hazırda hərbi helikopterin sərnişin təyyarəsinin yoluna niyə girdiyini bilmirik".
Tramp administrasiyasının reaksiyası
Tramp administrasiyası FAA-nın əvvəlki rəhbərliyi və maliyyələşdirmə problemləri ilə bağlı suallardan yayınmağa çalışır. Yeni təyin olunan ABŞ Nəqliyyat Naziri Şon Daffi FAA-dəki liderlik boşluğu ilə bağlı sualları cavablandırmaqdan çəkinir. FAA rəhbərliyi üçün isə müvəqqəti olaraq ABŞ Milli Ticari Aviasiya Assosiasiyasının keçmiş baş əməliyyat direktoru Kris Roşelo təyin edilib.
Eyni mətbuat konfransında Donald Tramp faciəli qəzanın Bayden administrasiyasının "müxtəliflik əsaslı işə qəbul siyasəti"nin nəticəsi ola biləcəyini iddia edərək mübahisəli açıqlama verib:
"Bizim standartlarımız daha yüksək idi. Hava nəqliyyatı kimi kritik sahələrdə yalnız ən ağıllı və psixoloji olaraq üstün şəxslər seçilməlidir. Bayden tam əks istiqamətdə hərəkət etdi".
Keçmiş ABŞ Nəqliyyat Naziri Pit Buttiçic isə Trampın bu iddialarına X hesabında sərt reaksiya verib:
"Bu, alçaqlıqdır. İnsanlar yas tutarkən Tramp yalan danışmaq əvəzinə liderlik etməlidir. Biz həmişə təhlükəsizliyi birinci yerə qoyduq və vəzifədə olduğumuz müddət ərzində bir dənə belə ölümcül kommersiya aviasiya qəzası yaşanmadı".
Buttiçic əlavə edib ki, Tramp administrasiyası FAA-nın bəzi vacib işçilərini işdən çıxarıb və bu, hava məkanında təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Bu hadisə, ABŞ-ın aviasiya sistemindəki idarəçilik və maliyyə problemlərini bir daha gündəmə gətirərək, FAA-nın gələcəkdə daha ciddi islahatlara ehtiyacı olduğunu göstərir.
Aydın
Şərhlər