Xəbər lenti

ABŞ-da hindu tayfası 300 il sonra tarixi torpaqlarının bir hissəsini geri aldı
Dünya 11:51 30.07.2026

ABŞ-da hindu tayfası 300 il sonra tarixi torpaqlarının bir hissəsini geri aldı

ABŞ-ın Virciniya ştatında yaşayan Pamanki hindu tayfası əsrlər əvvəl itirdiyi tarixi torpaqlarının bir hissəsini geri alıb. Bu, son illərdə ştatda öz tarixi ərazilərini geri satın alan üçüncü yerli tayfa olub.

Qaynarinfo xəbər verir ki, "The Washington Post”un məlumatına görə, tayfa Windsor Shades adlanan 5,26 hektarlıq torpaq sahəsini 1,9 milyon dollara satın alıb.

Sözügedən ərazi ABŞ-ın Milli Tarixi Yerlər Reyestrinə daxil edilib və Virciniya ştatının tarixi abidəsi statusuna malikdir.

Əsrlər boyu Windsor Shades ərazisi Pamanki tayfası başçılarının yaşayış yeri olub. Tayfanın Pouhatan dilində bu ərazi Kupkipkok adlanırdı.

İngilis səyyahı Con Smit XVII əsrin əvvəllərində hazırladığı yerli yaşayış məntəqələrinin xəritəsində bu məkanı qeyd edib. Sonrakı dövrlərdə ərazi ABŞ-nin Müstəqillik müharibəsi ilə bağlı tarixi məkanlardan birinə çevrilib və uzun illər şəxsi mülkiyyətdə qalıb.

Tarixi ədalətin bərpası

Məqalədə qeyd olunur ki, torpağın geri alınması 2015-ci ildə federal səviyyədə rəsmi tanınan Pamanki tayfası üçün mühüm hadisədir.

Tayfanın başçısı Kevin Braun bildirib ki, bu alış təkcə daşınmaz əmlak əməliyyatı deyil, həm də onların tarixi hüquqlarının tanınmasının rəmzidir.

Tayfanın üzvü və antropoloq Eşli Atkins Spivi isə bildirib ki, bu torpaqlar XVII əsrdə onların əlindən alınıb.

"Bu torpağın geri qaytarılması tarixi ədalətsizliyin aradan qaldırılması deməkdir. Biz minilliklər boyu burada yaşamışıq. Yerli olmayan əhalinin burada məskunlaşması isə xalqımızın bu torpaqla olan çoxəsrlik əlaqəsi ilə müqayisədə çox qısa bir dövrdür", deyə o bildirib.

Spivinin sözlərinə görə, tayfa Avropa müstəmləkəçiliyi dövründə genişmiqyaslı işğalla üzləşsə də, müqavimət göstərmək üçün kifayət qədər imkanlara malik olmayıb.

"O dövrdə bu torpaqları geri almaq üçün nə maliyyə imkanımız, nə də resurslarımız var idi. İndi isə bunu etmək üçün iqtisadi imkanlarımız yaranıb", deyə o əlavə edib.

Mədəni və ictimai məqsədlər üçün istifadə olunacaq

Tayfa nümayəndələri bildiriblər ki, alınan torpaq sahəsində gələcəkdə mədəni, təhsil və ictimai tədbirlərin keçirilməsi planlaşdırılır.

Məqalədə vurğulanır ki, Pamanki tayfasının bu addımı ABŞ-da yerli xalqların tarixi torpaqlarını geri qaytarmaq istiqamətində genişlənən hərəkatın bir hissəsidir.

Son illərdə Virciniya ştatında daha iki yerli tayfa da tarixi torpaqlarının bir hissəsini geri alıb. Rappahannok tayfası Riçmond dairəsində, Mattaponi tayfası isə Kinq-Vilyam dairəsində torpaq sahələri satın alıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->