"ABŞ-ın məqsədi Ermənistanı Rusiyadan qoparmaq və onu İsraildən sonra ikinci dayaq nöqtəsinə çevirməkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın Vaşinqtondan mülki nüvə texnologiyasına çıxış üçün müraciət etməsini şərh edərkən deyib.
"Heç kəsə sirr deyil ki, ABŞ Ermənistana bir neçə kiçik nüvə elektrik stansiyasını tikmək təklifini verib. Onu da həyata keçirmək üçün ABŞ daxilində tənzimləyici qanunlar şəbəkəsi var. Ona görə də "123-cü sazişi" ortaya çıxarıblar ki, Ermənistan üçün hüquqi cəhətdən müraciət etmək və ABŞ-ınnüvə texnologiyasından istifadə etmək imkanı yaransın. Belə stansiyaları Rusiya da istehsal edir. Atom elektrik sahəsində dünyanın aparıcı şirkəti "Rusatom"dur. Ardınca Fransa, ABŞ və Çin gəlir. Sovet dövründə Ermənistanda, Metsamorda elektrik stansiyası tikilib. 1988-ci ildə Spitakda zəlzələ olanda stansiyanın erməni işçiləri qaçdı. Yalnız rus əməkdaşlar stansiyanı qəzadan qurtara bildilər. Hərçənd reaktorlardan biri sıradan çıxdı. İndi onu dondurublar. İrəvan Rusiya ilə yeni bir atom elektrik stansiyası tikməklə bağlı danışıqlar aparıb. Ancaq bunun üçün 10-12 milyard dollar lazımdır. Bu səbəbdən Moskva ilə danışıqlar çətin gedir", deyə Zərdüşt Əlizadə bildirib.
Politoloq vurğulayıb ki, ABŞ-ın hədəfi Ermənistanı Rusiyadan qoparmaqdır. Ermənistanın Türkiyə, İran və Azərbaycan arasında yerləşməsi də onun dəyərini artırır:
"Ona görə də bölgədə ən çox əməkdaş ABŞ-ın Ermənistan səfirliyində çalışır - 2500 nəfər. Azərbaycandakı səfirliyində isə olsa-olsa 100 adam işləyər".
Həmsöhbətimizə görə, bu addımın regiona heç bir təhlükəsi yoxdur:
"Yalnız 9-10 bal gücündə zəlzələ olarsa, həmin stansiyalar təhlükə yarada bilər. Lakin məsələ ondadır ki, tikilən bu kmi elektrik stansiyaları 9 ballıq zəlzələyə davamlıdır".
Qeyd edək ki, Ermənistan Vaşinqtondan mülki nüvə texnologiyasına çıxış üçün müraciət edib. "RİA-Novosti"nin yazdığına görə, ABŞ hazırda İrəvanın "123-cü saziş"ə qoşulmaq üçün müraciətini araşdırır. ABŞ Dövlət Departamentinin İrəvanın müraciəti ilə bağlı şərhində deyilir ki, müraciət müsbət cavablandırılarsa, Ermənistan Amerikanın mülki nüvə texnologiyasını əldə edə biləcək.
"123-cü saziş" öz adını Amerika Atom Enerjisi Aktının maddə nömrəsindən alıb. Dövlət Departamentinin son məlumatına görə, ABŞ 48 ölkə və ərazi ilə belə sazişlər bağlayıb.
Rüfət Sultan
Şərhlər