Xəbər lenti

ABŞ-ı sarsıdan borc böhranı: Dolların gücü və qlobal iqtisadiyyat təhlükədə
Dünya 14:12 28.08.2025

ABŞ-ı sarsıdan borc böhranı: Dolların gücü və qlobal iqtisadiyyat təhlükədə

ABŞ-ın getdikcə artan dövlət borcları ölkənin ümumi borcunun 37 trilyon dollara yüksəlməsinə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, faiz ödənişlərinin müdafiə xərclərini üstələdiyi ABŞ-da genişlənən büdcə kəsirləri dolların gücünü zəiflədib. Mütəxəssislər bu vəziyyətin dünya miqyasında iqtisadi böhran yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

"Foreign Affairs" jurnalında Harvard Universitetinin iqtisad professoru, Beynəlxalq Valyuta Fondunun sabiq baş iqtisadçısı Kennet S. Roqoff tərəfindən yazılmış məqalədə artan borc yükünün və genişlənən büdcə kəsirlərinin dolların sabitliyini, həmçinin ABŞ-ın qlobal "super güc" statusunu təhlükə altına aldığı vurğulanıb.

"Amerikanın yaxınlaşan çökməsi: Vaşinqtonun borc asılılığı qlobal böhranı alovlandıra bilərmi?" adlı təhlildə dolların sabitliyini itirməsinin dünya bazarlarına ciddi təsir göstərə biləcəyi qeyd olunur.

Son 25 ildə müxtəlif müharibələr, maliyyə və səhiyyə böhranları ilə üzləşən ABŞ böyük məbləğdə borc götürüb. Bu səbəbdən dövlət borcu 37 trilyon dollara çatıb. ÜDM-in 100 faizinə yaxınlaşan dövlət borcları uzun müddət təhlükə hesab edilməsə də, 2008-2009-cu illərin maliyyə böhranından sonra aşağı faizlər ABŞ üçün borclanmanı asanlaşdırmışdı. Dolların "təhlükəsiz liman" statusu sayəsində qlobal investorlar ABŞ xəzinə istiqrazlarını almağa davam edib.

Hazırda isə uzunmüddətli faizlərin artması ilə birlikdə 37 trilyon dollarlıq borc ölkə iqtisadiyyatı üçün ciddi risklər yaradıb. Kredit reytinqi agentliklərinin ABŞ-ın borc dərəcəsini aşağı salması nəticəsində faiz ödənişləri rekord həddə çataraq müdafiə xərclərini belə keçib.

Mütəxəssislərə görə, ABŞ iqtisadiyyatı "əsrdə bir dəfə yaşana biləcək böhranın" astanasındadır və bu vəziyyətin "sehrli həlli" yoxdur. ABŞ prezidenti Donald Trampın faiz artımlarından Federal Ehtiyat Sistemini (FED) məsul tutması isə yanlış yanaşma hesab olunur. Trampın əlavə gömrük rüsumları ilə bağlı açıqlamaları belə bazarlarda inamsızlıq yaradıb.

Analitiklərə görə, borc böhranının kökləri Reyqan dövründən başlayaraq Corc Buş, Barak Obama və Co Baydenin hakimiyyəti illərində də davam edən siyasətlərdən qaynaqlanır. Barış dövrlərində belə rekord xərclər və kəsirlər ABŞ-ı davamlı borclanmağa məcbur edib. Proqnozlara əsasən, ABŞ-ın borcu 2054-cü ilə qədər ÜDM-in 172-190 faizi səviyyəsinə yüksələ bilər. Bu isə dolların qlobal rezerv statusunu itirməsinə və ABŞ-ın "super güc" mövqeyinin zəifləməsinə yol aça bilər.

Tramp administrasiyası bəzi xarici borcların seçici şəkildə ödənilməməsi ehtimalını nəzərdən keçirir. Eyni zamanda süni intellektdəki irəliləyişlərin iqtisadi artımı sürətləndirə biləcəyini düşünür. Lakin enerji istehlakı və populist siyasətlər səbəbindən ABŞ iqtisadiyyatı dar boğaza düşə bilər.

Mütəxəssislərin fikrincə, istər "kəmər sıxma", istərsə də "maliyyə basqısı" strategiyası seçilsin, ABŞ-la yanaşı dünya iqtisadiyyatı da ciddi sarsıntılarla üzləşə bilər. Bu vəziyyət dolların qlobal üstünlüyünü itirməsi ilə nəticələnə bilər.

Tarixi müqayisələrə görə, dolların taxtdan enməsi XVI əsrdə İspaniyanın gümüşünün, XVII əsrdə Niderlandın qilderinin və XIX əsrdə Böyük Britaniyanın funt sterlinqinin gücünü itirməsinə bənzər nəticələr doğura bilər. Bu isə təkcə ABŞ üçün deyil, həm də dollar üzərindən fəaliyyət göstərən bütün qlobal ticarət sistemi və dünya iqtisadiyyatı üçün ciddi təhdid deməkdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->