Xəbər lenti

ABŞ ilk dəfə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəklədi -
Dünya 11:44 07.01.2026

ABŞ ilk dəfə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəklədi - "Reuters"

Amerika Birləşmiş Ştatları ilk dəfə olaraq Ukraynanın müttəfiqlərindən ibarət geniş koalisiyanı dəstəkləyərək, Rusiyanın yeni hücumu halında ölkəni müdafiə etmək öhdəliklərini ehtiva edən təhlükəsizlik zəmanətləri verməyi vəd edib.

Qaynarinfo xəbər verir ki, "Reuters”in yazdığına görə, bu vəd əsasən Avropa ölkələrindən ibarət olan "İstəklilər Koalisiyası"nın Paris sammitində səsləndirilib. Məqsəd, Rusiya ilə mümkün atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya verilən zəmanətləri hüquqi cəhətdən möhkəmləndirməkdir.

Nəşr qeyd edib ki, koalisiyanın əvvəlki görüşlərindən fərqli olaraq, bu sammitdə ABŞ-ın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner, həmçinin ABŞ-ın Avropadakı ali hərbi komandanı general Aleksus Qrinkeviç də iştirak edib. Qrinkeviç görüşdən bir gün əvvəl Avropa ordularının rəhbərlərinə təhlükəsizlik zəmanətlərinin detallarını təqdim edib.

Stiv Uitkoff sammitdən sonra bəyan edib ki, Prezident Donald Tramp "təhlükəsizlik protokollarını qətiyyətlə dəstəkləyir".

"Bu təhlükəsizlik protokolları Ukraynaya qarşı gələcək hücumların qarşısını almaq üçün nəzərdə tutulub... və əgər hücumlar baş verərsə, onlar müdafiə məqsədi daşıyacaqlar. Bu protokollar mümkün olan ən yüksək dərəcədə güclüdür", — deyə o bildirib.

Cared Kuşner isə öz növbəsində əlavə edib ki, əgər ukraynalılar yekun sülh sazişi imzalayacaqlarsa, "onlar əmin olmalıdırlar ki, sazişdən sonra təhlükəsizlikdə olacaqlar, etibarlı çəkindirmə mexanizminə və bunun bir daha təkrarlanmayacağına dair real zəmanətlərə malik olacaqlar".

Ancaq hələlik həllini gözləyən məsələlər də var. Koalisiya liderlərinin bəyanatında həmçinin deyilir ki, müttəfiqlər ABŞ-ın rəhbərliyi altında təklif olunan atəşkəsə nəzarət və yoxlama mexanizmində iştirak edəcəklər. Rəsmi şəxslər qeyd ediblər ki, bura Amerika qoşunları deyil, daha çox pilotsuz təyyarələr (dronlar), sensorlar və peyklər daxil olacaq. Lakin monitorinqin necə aparılacağı və Ukrayna Silahlı Qüvvələrinin necə maliyyələşdiriləcəyi məsələləri hələ də tam həllini tapmayıb.
Nəşr vurğulayıb ki, ABŞ rəsmən bu bəyanatı hələ birbaşa təsdiqləməyib və sənədin ilkin layihəsindəki bəzi kəskin ifadələr (məsələn, ABŞ-ın hərbi imkanlarının Ukraynadakı çoxmillətli qüvvələri dəstəkləmək üçün istifadəsi ilə bağlı bəndlər) daha yumşaq variantla əvəz olunub.

Buna baxmayaraq, avropalı rəsmilər Amerika elçilərinin iştirakını və onların qətiyyətli şərhlərini Vaşinqtonun təhlükəsizlik çərçivəsini dəstəkləməsinin sübutu kimi alqışlayıblar. İndi diqqət hərbi yardımdan daha çox, Rusiyanın növbəti hücumu halında Ukraynaya kömək göstərilməsi barədə hüquqi cəhətdən məcburi öhdəliklərə yönəlib.

Qeyd edək ki, Paris Sammitinin əsas nəticələri aşağıdakılardır:

Hərbi Mərkəzlər (Military Hubs): Böyük Britaniya və Fransa atəşkəsdən sonra Ukraynanın müxtəlif bölgələrində hərbi mərkəzlər quracaq. Bu mərkəzlər silah və hərbi texnika üçün qorunan obyektlər rolunu oynayacaq.
Çoxmillətli Sülhməramlı Qüvvə: Atəşkəsə nəzarət üçün 15,000 – 20,000 (bəzi mənbələrə görə 30,000-ə qədər) nəfərlik beynəlxalq kontingent yerləşdiriləcək.
Vəzifə Bölgüsü: Fransa və Böyük Britaniya: Quru və hava təhlükəsizliyinə cavabdehlik daşıyacaq.
oTürkiyə: Qara dənizdəki nəqliyyat yollarının təhlükəsizliyini təmin edəcək.
oABŞ: Atəşkəsin monitorinqinə (dronlar, peyklər və kəşfiyyat vasitəsilə) rəhbərlik edəcək.
Yerləşmə məkanı: Sülhməramlıların təmas xəttindən uzaqda, əsasən Ukraynanın qərb hissəsində yerləşdirilməsi və ordunun təliminə dəstək verməsi planlaşdırılır.
Təhlükəsizlik zəmanəti: ABŞ ilk dəfə olaraq Rusiyanın yeni hücumu halında Ukraynanı müdafiə etmək üçün "hüquqi cəhətdən məcburi" (legally binding) zəmanətləri dəstəkləyib.

Alpər
--> -->