Xəbər lenti

ABŞ-İran danışıqları dalana dirənib: Müharibə ola bilərmi?
Dünya 14:50 03.06.2025

ABŞ-İran danışıqları dalana dirənib: Müharibə ola bilərmi?

"Tehranla danışıqlar dalana dirənsə belə ABŞ İranla müharibəyə getməyəcək, İsrail isə Ağ Evlə razılaşdırmadan bu ölkəyə zərbə endirə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Tehranla Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqların dalana dirənməsi fonunda gözlənilə bilən qarşıdurma ssenarisini şərh edərkən deyib.

Kənan Rövşənoğlu bildirib ki, proses elə də hamar getməyib, yəni danışıqların gedişində belə halların olması normaldır:

"Çünki hər iki tərəf prosesdən daha qazanclı çıxmağa çalışır. Ona görə də qarşıdakı dövrdə belə dalğalanmalar olacaq. Əgər danışıqlar tamamən dayansa belə bunun ABŞ və İran arasında müharibəyə səbəb olacağını zənn etmirəm. Çünki müharibə indi Amerikaya, konkret olaraq Tramp administrasiyasına nəsə verməyəcək".
 


Ekspert qeyd edir ki, İsrail isə sözügedən vəziyyətdə İrana zərbələr endirməkdə maraqlı olacaq:

"Danışıqlar dalana dirənərsə və proses dayanarsa, o zaman İsrailin baş naziri Benyamin Netanyahu İrana zərbə endirə bilər. Hətta Amerika ilə razılaşdırılmasa belə. Çünki İranla konfrontasiya İsrail üçün lazımdır, nəinki ABŞ".

Qeyd edək ki, CNN telekanalının yaydığı məlumata görə, İranın nüvə proqramı ilə bağlı Tehranla Vaşinqton arasında danışıqların növbəti raundu baş tutmaya bilər.  "Mövcud mərhələdə növbəti danışıqlar raundunun keçirilməsi çox qeyri-müəyyəndir və ümumiyyətlə baş verməyə bilər", deyə xəbərdə qeyd edilir.

Telekanala danışan yüksək vəzifəli İran rəsmisi bildirib ki, ABŞ-ın yeni təklifi "natamam və sistemsiz"dir. Mənbələrin sözlərinə görə, yeni razılaşma ilə bağlı danışıqlara olan maraq və dinamika tədricən sönməyə başlayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->