ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra İranın cavab zərbələri nəticəsində Təl-Əviv şəhərinə çoxsaylı raketlərin düşdüyü bildirilir. Fevralın 28-də başlanan və getdikcə daha da şiddətlənən müharibə fonunda bölgədən yayılan görüntülər şəhərlərdə dağıntıların miqyasını açıq şəkildə nümayiş etdirir.
Qaynarinfo xəbər
verir ki, qarşılıqlı hücumlar təkcə İsrail ərazisi ilə məhdudlaşmayıb. ABŞ və İsrailin İrana endirdiyi zərbələr zamanı paytaxt Tehranın mərkəzində yerləşən simvolik məkanlardan biri – Firdovsi Meydanı və ətrafı ciddi şəkildə zərər görüb. Meydanın yaxınlığında yerləşdiyi bildirilən Diplomatik Polis məntəqəsində də dağıntı qeydə alınıb. Ərazidə çəkilən kadrlarda binaların zədələndiyi, küçələrdə dağıntı qalıqlarının toplandığı görünür.
Digər tərəfdən, İranın cavab hücumları zamanı atılan raketlərdən birinin qəlpə hissəsinin Tel-Əvivə düşməsi nəticəsində avtomobillərə ziyan dəyib. İsrailin təcili tibbi yardım xidməti – Magen David Adom raketlərin havada zərərsizləşdirilməsi prosesi zamanı qəlpələrin şəhər və ətraf yaşayış məntəqələrinə səpələndiyini açıqlayıb.
Rəsmi məlumata əsasən, hadisə ilə bağlı Tel-Əvivlə yanaşı Givat Şmuel, Ramat Qan, Petah Tikva, Bney Brak və Roş Haayin bölgələrinə xilasedici və tibbi briqadalar göndərilib. İlkin məlumatlarda ciddi insan itkisi barədə açıqlama verilməsə də, infrastruktur və nəqliyyat vasitələrinə zərərin dəydiyi bildirilir.
Ekspertlər qarşılıqlı raket zərbələrinin intensivləşməsinin regionda təhlükəsizlik risklərini daha da artırdığını qeyd edir və münaqişənin daha geniş coğrafiyaya yayılma ehtimalına diqqət çəkirlər.
Günay
Şərhlər