Xəbər lenti

ABŞ Rusiyanı niyə hədələdi? (ŞƏRH)
Dünya 13:22 16.07.2025

ABŞ Rusiyanı niyə hədələdi? (ŞƏRH)

"Senator Qremin bu açıqlaması Trampın Ukraynada atəşkəsdə israrlı olmasını göstərməyə hesablanmış bir addımdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ prezidenti Donald Trampın Rusiyaya atəşkəsə gəlmək üçün 50 günlük möhlət verməsi fonunda senator Lindsi Qremin "Əgər Rusiya prezidenti Vladimir Putin və onun müttəfiqləri 51-ci gün nə baş verəcəyini bilmək istəyirlərsə, gedib Ayətulladan soruşsunlar" bəyanatını şərh edərkən deyib.

"Görürük ki, Donald Trampın Ukraynada atəşkəsə nail olmaqla bağlı ilin əvvəlindən başlayan təşəbbüsləri nəticə vermir. Bu isə Trampın siyasi imicinə ziyan gətirən hadisədir. Bu baxımdan, respublikaçı senator Qremin səsləndirdiyi fikirlər ilk növbədə Trampın atəşkəs məsələsində israrlı olmasının həddini göstərmək üçün bir növ atılan siyasi addımdır", deyə Tofiq Zülfüqarov əlavə edib.



Həmsöhbətimiz bu hədə dolu açıqlamanın hərbi əməliyyatlara gətirib çıxaracağına inanmır:

"Amma hər halda ABŞ hansısa məsələdə bu və ya digər siyasətinin təsirli olmasını təbii ki, heç bir ölkə istisna edə bilməz. Hər halda hesab edirəm ki, atəşkəsin əldə olunması bəlkə də ən vacib mövzudur. Tramp ona nail olsa bu doğrudan da böyük bir siyasi addım olacaq". 

Qeyd edək ki, ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem prezident Donald Trampın Rusiyaya qarşı elan etdiyi 50 günlük ultimatumla bağlı olduqca sərt və hədə dolu açıqlama verib. Senator açıq şəkildə bildirib ki, əgər Rusiya prezidenti Vladimir Putin və onun müttəfiqləri 51-ci gün nə baş verəcəyini bilmək istəyirlərsə, gedib Ayətulladan soruşsunlar. 

Xatırladaq ki, Tramp administrasiyası vaxtilə İrana da eynilə 50 günlük vaxt vermiş və 51-ci gün İran bombalanmışdı. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->