2026-cı ildə ABŞ Hərbi-Dəniz Qüvvələrinin aviadaşıyıcılarının sayı azalacaq. "Nimitz" sinfinə aid səkkizinci aviadaşıyıcı olan "USS Harry S. Truman" çoxillik yanacaq doldurulması və kapital təmir proqramına başlayacaq. Bu proses 2029-cu ilə, hətta daha uzun müddətə qədər davam edə bilər.
Qaynarinfo xəbər verir ki, "Forbes"in yazdığına görə, kapital təmir aviadaşıyıcının ən azı daha 25 il istismarda qalmasına şərait yaradacaq.
Bu müddət ərzində super-aviadaşıyıcının nüvə reaktorları yanacaqla təmin ediləcək, həmçinin genişmiqyaslı modernləşdirmə aparılacaq. Adətən mühərriklərin modernləşdirilməsi təxminən dörd il çəkir. Lakin gəmiqayırma şirkəti "NNS" artıq "USS George Washington" (CVN-73) və "USS John C. Stennis" (CVN-74) aviadaşıyıcılarının modernləşdirilməsi zamanı ciddi gecikmələrlə üzləşib. Birinci gəmidə işlərə COVID-19 pandemiyası və sonrakı tədarük zənciri problemləri ciddi təsir göstərib.
Modernləşdirmə işləri 1933-cü ildən bəri ABŞ Hərbi-Dəniz Qüvvələri üçün ümumilikdə 31 aviadaşıyıcı inşa etmiş eyni tərsanədə aparılacaq. Bu siyahıya "Nimitz" sinfinin bütün 10 gəmisi və "Gerald R. Ford" sinfinin ilk gəmiləri daxildir.
Çoxsaylı modernləşdirmələrlə yanaşı, "USS Harry S. Truman" təxminən bir il əvvəl baş vermiş qəza səbəbindən gözlənilməz təmirə də ehtiyac duyacaq. 2025-ci ilin fevralında super-aviadaşıyıcı Aralıq dənizində, Misirin Port-Səid şəhəri yaxınlığında əməliyyatlar zamanı Panama bayrağı altında üzən 53 tonluq yük gəmisi ilə toqquşub.
Həmin vaxt "Beşiktaş-M" adlı ticarət gəmisi ilə toqquşma nəticəsində aviadaşıyıcının sağ bortunda, təyyarə idarəetmə liftlərindən birinin yaxınlığında üst göyərtənin bir hissəsi zədələnib, iki anbar sahəsinin və bir təmir emalatxanasının xarici arakəsmələri deşilib.
Aviadaşıyıcının nüvə reaktorları və su keçirməzliyi zərər görməyib, təyyarə liftləri də ciddi zədələnməyib. Buna baxmayaraq, "USS Harry S. Truman" təcili təmir üçün Yunanıstanın Suda körfəzinə qayıtmalı olub. Təmir işlərinə yeni arakəsmələrin quraşdırılması və rəngləmə daxil idi və hərbi gəmi iki həftədən az müddətdə yenidən xidmətə qaytarılıb.
Məqalədə vurğulanır ki, zədələr əsasən kosmetik xarakter daşısa da, onları "aralıq” və ya "təmir” xidməti dövründə aradan qaldırmaq mümkün deyildi. Buna görə də aviadaşıyıcının xidmət müddətinin ortasında yanacaq doldurulmasına qədər gözləmək qərarı verilib.
Aydın
Şərhlər