Xəbər lenti

ABŞ təyyarələrdə telefonla danışmağı qadağa edə bilər
Dünya 15:45 22.07.2026

ABŞ təyyarələrdə telefonla danışmağı qadağa edə bilər

ABŞ-də təyyarələrdə telefon və videozənglərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi Konqresin Nümayəndələr Palatasına təqdim edilib. Təşəbbüsün əsas məqsədi uçuş zamanı təhlükəsizliyi artırmaq və sərnişinlərlə ekipaj üçün daha rahat mühit yaratmaqdır.

Qaynarinfo-nun "Business Insider" nəşrinə istinadən məlumatına görə, son illərdə təyyarələrdə Wi-Fi xidmətinin geniş yayılması ilə telefon danışıqları məsələsi daha da aktuallaşıb. Keçmiş stüardlar hesab edirlər ki, qanunun qəbul edilməsi həm sərnişinləri, həm də ekipaj üzvlərini mümkün narahatlıqlardan qoruyacaq.

"Virgin Atlantic" aviaşirkətinin keçmiş stüardı və sərnişin xidmətləri üzrə keçmiş rəhbəri Elli Merfi bildirib ki, məsələ təkcə etik davranış qaydaları ilə bağlı deyil.

Onun sözlərinə görə, sərnişinlərin yüksək səslə telefon və ya videozəng etməsi ekipajın işinə mane ola, digər sərnişinlərin şikayətlərinə səbəb ola və təhlükəsizliklə bağlı elanların eşidilməsini çətinləşdirə bilər.

Xatırladılıb ki, ABŞ Konqresi hələ 2018-ci ildə Federal Mülki Aviasiya Administrasiyasına (FAA) təyyarələrdə telefon danışıqlarını qadağan etməyi tapşırmışdı. Lakin bunun üçün konkret müddət müəyyən edilmədiyindən qadağa qüvvəyə minməmişdi.

Demokrat konqresmenlər Qreq Stanton və Hillari Şolten, eləcə də respublikaçılar Rik Krouford və Rob Bresnahan tərəfindən təqdim edilən yeni "Səssiz Səma" qanun layihəsi FAA-nı qadağanı 180 gün ərzində rəsmiləşdirməyə məcbur edəcək.

Hazırda aviaşirkətlər bu məsələni fərdi qaydada tənzimləyir. ABŞ-ın "United", "American Airlines" və "Southwest" aviaşirkətləri uçuş zamanı telefon danışıqlarını tamamilə qadağan edir. British Airways isə Starlink internet sistemi ilə təchiz olunmuş təyyarələrdə telefon və videozənglərə icazə verməyi planlaşdırır. Virgin Atlantic də Starlink olan reyslərdə qısa telefon danışığına icazə verir, lakin videozəngləri qadağan edir.

Turizm eksperti və keçmiş stüard Bobbi Lori hesab edir ki, müxtəlif aviaşirkətlərdə fərqli qaydaların tətbiqi sərnişinlər arasında çaşqınlıq yaradır və bu da ekipajla mübahisələrin sayını artıra bilər.

"FlyerRights" təşkilatının prezidenti Pol Hadson da telefon danışıqlarının qadağan edilməsini dəstəkləyir. Bununla yanaşı, o, uzunmüddətli reyslərdə ödənişli danışıq zonalarının yaradılmasını təklif edib. Onun fikrincə, bu yanaşma həm işgüzar, həm də şəxsi səbəblərlə danışmağa ehtiyacı olan sərnişinlərin maraqlarını təmin edər, eyni zamanda digərlərinin rahatlığını qoruyar.

Etiket üzrə mütəxəssis və keçmiş stüard Jaklin Uitmor da təşəbbüsü dəstəkləyərək bildirib ki, sərnişinlər bir-birinə çox yaxın oturduğundan hər kəs telefon danışığını istər-istəməz eşidir və bu, narahatlıq yaradır.

Qeyd edək ki, son illər bir çox aviaşirkət Starlink vasitəsilə uçuş zamanı yüksək sürətli internet xidmətini tətbiq etməyə başlayıb. Bunun fonunda təyyarələrdə yüksək səslə telefonla danışan, musiqiyə qulaq asan və ya qulaqcıqsız video izləyən sərnişinlərlə bağlı münaqişələrin sayı artıb. Bəzi aviaşirkətlər artıq bu cür davranışlara qarşı əlavə məhdudiyyətlər tətbiq etməyə başlayıblar.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->