"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) xarici bankdan pay almaq istəyir.
Qaynarinfo banka istinadən xəbər verir ki, bu məsələ qurumun səhmdarların mayın 7-də keçiriləcək növbəti ümumi yığıncağının gündəliyinə salınıb.
Yığıncaq onlayn olacaq, səhmdarlar qiyabi şəkildə, Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə səs verəcəklər.
Yığıncağın gündəliyinə ABB-nin kənar auditdən keçmiş 2025-ci il üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, ötən ilin maliyyə nəticələrinə əsasən səhmdarlara dividend ödənilməsi, aktivlərin idarə edilməsi üzrə törəmə şirkətin yaradılması, xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması, Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Şərhlər