Moldovada Ungena-Kişnyov avtomobil yolunun təmirini həyata keçirən Azərbaycan şirkəti "EVRASCON” 6 aydır fəhlələrin maaşını vermir.
Virtualaz.org Moldova mənbələrinə istinadən xəbər verir ki, fəhlələr aylardır maaş ala bilmədiklərinə görə tətilə başlayıblar.
Onlar deyirlər ki, şirkətin işçilər və digər təchizatçı şirkətlər qarşısında nəhəng borcları yaranıb, rəhbərlik maaşların nə zaman veriləcəyini demir.
"Ötən şənbə günündən tətilə başlamışıq. Şirkət rəhbərliyinə sorğu göndərmişik və onların obyektlərdəki rəislərini xəbərdar etmişik. Habelə Ungensk rayonunda əmək münasibətlərini tənzimləyən idarəyə getmişik, amma hamı məzuniyyətdədir, heç kimlə danışa bilmədik. Bu gün avqustun 13-də Kişnyova, Baş Əmək Müfəttişliyinə gedəcəyik. Bilmirik nə edək, belə şəraitdə işləyə bilmirik”,-adının açıqlanmasını istəməyən fəhlə ötən gün yerli saytlardan birinə danışıb.
Moldovanın Jurnalist Araşdırmaları Mərkəzi həmin yolun tikintisi layihəsinə dair daha detallı məlumat almaq üçün Dövlət Avtomobil Yolları Administrasiyasına sorğu göndərib, amma həmin strukturun əməkdaşı deyib ki, problem barədə heç nə bilmir, üstəlik tenderi udan Avropa şirkətidir.
Lakin bu ilin may ayında Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyi bildirmişdi ki, Kişnyov-Ungena-Skulyana avtomobil yolunun təmiri işləri 60 faiz yerinə yetirilib. Yolun tikintisi üçün beş şirkətlə müqavilə bağlanıb, onlardan ikisi Azərbaycan, ikisi Çexiya, biri Moldova şirkətləridir. Layihənin ümumi dəyəri 80 milyon avrodur.
"Hərçənd bu şirkətlər cərimələnib, amma biz onlarla işləməkdə davam edirik, çünki əks halda təkrar tender keçirmək lazım gələrdi. Bu isə çox vaxt aparar”,-həmin vaxt iqtisadiyyat və infrastruktur naziri vəzifəsini tutan Kirill Qaburiç ("Azərcell”in keçmiş rəhbəri) deyib.
Kişnyov-Ungena-Skulyana avtomobil yolunun tikintisi üçün Azərbaycanın Euro-Asian Construction Corporation Evrascon JSC şirkəti və Çexiyanın OHL ZS şirkəti ilə müqavilənin yerinə yetirilməsi işləri 2014-cü ilin martında başlayıb. Lakin uzunluğu cəmi 83.8 km. olan yolun tikintisi hələ də başa çatmayıb. Şirkət işləri 2016-cı ilin sonlarında təhvil verməli idi, daha sonra müddət 2019-cu ilin sonuna qədər uzadılıb.
Qeyd edək ki, "Evrascon” şirkəti Azərbaycanda da bir sıra yol-infrastruktur layihələri həyata keçirir. Və şirkət Azərbaycanda da illərdir əmək haqlarını gecikdirir, "Evrascon”un işçiləri aylarla əmək haqlarını ala bilmir və dəfələrlə müxtəlif formada etirazlar bildiriblər.
Şirkətin baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olduğu məlumdur.
Şərhlər