Xəbər lenti

Abituriyentləri imtahan həyacanından necə qorumaq olar?
Sağlamlıq 23:01 19.05.2018

Abituriyentləri imtahan həyacanından necə qorumaq olar?

"Azərbaycanda abituriyentlər üçün ali məktəblərə fənn hazırlığı ön sırada dayanır, psixoloji hazırlığa isə diqqət yetirilmir".

Bunu "Report"a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

O bildirib ki, Azərbaycanda ali məktəbə hazırlaşmaq lazımdır deyəndə, yalnız fənn hazırlığı nəzərdə tutulur: "Valideynlər fikirləşirlər ki, övladlarının ən yaxşı müəllim (repetitor) yanına getmələri universitetə daxil olmaq üçün kifayət edir. Təcrübə isə onu göstərir ki, zaman keçdikcə bu yanaşma valideyn və övlad arasında problemlərin yaranmasına səbəb olur".

E.Rüstəmov qeyd edib ki, ölkədə repetitor yanına getmədən yüksək balla ali məktəbə qəbul olan abituriyentlər da az deyil: "Bu aspektdən valideynlər fənn hazırlığı ilə yanaşı, psixoloji hazırlığa da diqqət ayırmalıdırlar. Söhbət hər həftə psixoloqa müraciət etməkdən getmir. 1992-ci ildən bu yana universitetlərə keçid balları artmır. Doğurdanmı abituriyentlərin savad dərəcəsi aşağıdır?! Əksinə, onlar bütün testləri edə bilirlər. Sadəcə, psixoloji məqamlardan dolayı abituriyentlər qəbul imtahanlarında aşağı nəticə göstərirlər. Tədris kurslarında, eləcə də repetitorlar və valideynlər psixoloji hazırlığa diqqət etmirlər. Valideynlər övladlarını psixoloq yanına imtahana ya 1-2 gün, ya da maksimum bir həftə qalanda gətirirlər. Halbuki bu psixoloji hazırlıq imtahana bir-iki ay qalmış başlamalıdır. Bunu etmək əvəzinə valideynlər övladlarını pirlərə aparmağa üstünlük verirlər. Amma abituriyenti pirlərə aparmaqdansa, psixoloq yanına aparmaq məsləhətdir".

Onun fikrincə, abituriyentlər imtahan binası ilə əvvəldən tanış olmalıdır: "Bəzi abituriyentlər hazırlıq üçün müəllim yanına gedirlər, müəllimi də onların proqramı mənimsəməsindən razı qalır, amma imtahanda zəif nəticə göstərirlər. Burada imtahan verilən yerin də təsiri olur. Çünki insanın ilk dəfə olduğu yerə öyrəşməkdə çətinlik çəkir".

Psixoloq abituriyentlərə məsləhətlərini də verib: "Abituriyentlər mütləq dərs deyən müəllimlərin, əziyyəti olan insanların xeyir-duasını almalıdırlar. İmtahana bir gün qalmış axşam gəzintisinə çıxmaq, yuxuya xeyli vaxt ayırmaq, lazımi qədər yatmaq lazımdır. Valideynlər övladları ilə mənəvi mövzulardan danışmalıdır, bu da onları motivasiya edə bilər. Abituriyentlər imtahanda onlara verilən 3 saatın hər bir saatından sonra 2-3 dəqiqəlik fasilə verə bilərlər. İmtahanda sona qədər oturmaq lazımdır, yəni abituriyentlər zalı tez tərk etməyə çalışmasınlar. İmtahan suallarını sona kimi və diqqətlə oxumaq məsləhətdir. Əksər hallarda abituriyentlərin mexaniki səhvlərinin səbəbi məhz sualları diqqətsiz və sona qədər oxumamaqları ilə bağlı olur. Bilmədikləri sualları cavablandırmasınlar".

Qeyd edək ki, mayın 20-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->