Siyasət 16:33 11.04.2013

“ABŞ Azərbaycanda hakimiyyətin dəyişilməsini istəmir”

Son günlər mətbuatda geniş müzakirə olunan məsələlərdən biri də ABŞ-Azərbaycan münasibətləri və Milli Demokratiya İnstitutu ətrafında yaranan qalmaqaldır. MDİ-nin Azərbaycanda keçiriləcək prezident seçki ərəfəsində ölkəmizdə virtual qiyam hazırlamaqda ittiham olunması və bunun üçün 2 milyon dollar sərmayənin yatırılması məsələnin qəliz olmasından xəbər verir.

Rəsmi dairələrdə Azərbaycan-ABŞ münasibətləri şəffaf fonda görünsə də, pərdəarxasında heç də Bakıya qarşı münasibətlərin birmənalı olmadığı özünü göstərir. Hətta bəzi ekspertlər iddia edirlər ki, Ağ Evə Azərbaycanda demokratiya pərdəsi altında ciddi hakimiyyət dəyişikliyinin tərəfdarıdır.

Obama Administrasiyasının Azərbaycan hakimiyyətinin dəyişilməsi üçün planları var?

Məsələ ilə bağlı Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə Modern.az-a danışıb. 

A.Mollazadə ABŞ-ın ölkəmizdə hakimiyyət dəyişikliyində maraqlı olmadığını düşünür. Deputatın fikrincə, ölkələr arasında münasibətlər yüksək səviyyədə olduğundan hər hansı gərginlikdən danışmaq yersizdir.

A.Mollazadə həmçinin qeyd edib ki, ABŞ-ın yeni dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair önəmli mesajlar verib: 

“Amerika Azərbaycanla bir neçə sahədə, o cümlədən neft emalı sahəsində əməkdaşlıq edir. Bununla yanaşı, Amerika eyni zamanda Azərbaycanda demokratik islahatların həyata keçirilməsinə, ölkənin müstəqil demokratik dövlət kimi inkişafına dəstək verir. Bu sahədə də əməkdaşlığımız var. Biz Amerikada səfərdə olanda belə məlumatlara rast gəlmirdik. Buna əks olan fikirləri düzgün hesab eləmirəm. Azərbaycan Amerika əməkdaşlığının önəmini xüsusi qeyd etmək istərdim. Minsk qrupunun fəaliyyətində çatışmamazlıqlar çoxdur. Biz ABŞ Dövlət Departamentində olduğumuz zaman onlar Minsk qrupunun fəaliyyətinin daha da artırılmasını qeyd etmişdilər. Yeni dövlət katibi Con Kerri də münaqişənin həlli ilə bağlı Amerika Birləşmiş Ştatlarının səyinin artırılmasını, diqqətin bu münaqişənin həllinə yönəltməyi vurğulamışdı”-deyə A.Mollazadə ABŞ-Azərbaycan münasibətlərini şərh edib.

Qaynar.info