Dünya 14:00 03.12.2021

ABŞ-dan Lukaşenkonun oğluna sanksiya və daha 20 nəfər, 12 qurum, üç təyyarə...

ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Məhdudiyyətlər 20 nəfərə, 12 təşkilata və üç təyyarəyə şamil edilib. Lukaşenkonun oğlu Dmitri də sanksiyalara məruz qalıb.

41 yaşlı Dmitri Lukaşenko Belarus prezidentinin ortancıl oğludur. "Prezident İdman Klubu" Belarus respublika dövlət-ictimai birliyinin mərkəzi şurasının sədri vəzifəsini tutur, Belarus Milli Olimpiya Komitəsinin üzvüdür.

Bundan əlavə, Birləşmiş Ştatlar Belarusun dövlət borcuna qarşı sanksiyalar tətbiq edərək, Amerika vətəndaşlarına 90 gündən çox ödəmə müddəti olan və dekabrın 2-də və ya daha sonra buraxılmış "yeni veksellər" ilə əməliyyatları qadağan edib.

Həmçinin Britaniya hakimiyyəti Belarusa qarşı sanksiyalar tətbiq edib. Ölkə hökumətinin saytında verilən mesajda deyilir ki, məhdudiyyətlər Belarus prezidenti Lukaşenko rejiminin ölkədə fundamental insan hüquq və azadlıqlarının pozulmasına görə məsuliyyətə cəlb edilməsi məqsədilə tətbiq edilib. Sanksiyalar çərçivəsində London Belaruskali müəssisəsinin aktivlərini dondurub. Bundan başqa, məhdudiyyətlər bir neçə ölkə vətəndaşına da şamil edilib.
Belarusa qarşı sanksiyalara Kanada da qoşulub.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı bu həftə Belarus sərhədində miqrantlarla bağlı vəziyyətə görə sanksiyaları təsdiqləyəcək. Bildirilib ki, 17 fiziki və 11 hüquqi şəxsə münasibətdə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Sanksiyalar Belavia və Suriya Сham Wings-ə, Belarus hakimlərinə və sərhəd nəzarəti rəsmilərinə təsir göstərə bilər.
 
Alpər