Xəbər lenti

Mühüm sponsorundan Ukraynanın Bərpası Fonduna
Dünya 15:15 05.07.2025

Mühüm sponsorundan Ukraynanın Bərpası Fonduna "arxadan zərbə"

ABŞ-ın ən böyük investisiya şirkətlərindən biri olan "BlackRock” ABŞ-da Donald Trampın prezident seçkilərində qələbə çalmasından sonra Ukraynanın Bərpası Fondu üçün investor axtarışını dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” öz mənbələrinə istinadən yazır.

Mənbələrin bildirdiyinə görə, "BlackRock” iyulun 10-11-də İtaliyada keçiriləcək Ukraynanın Bərpası üzrə Konfrans çərçivəsində fondun yaradıldığını elan etməyi planlaşdırırdı. Bu tədbirdə İtaliyanın baş naziri Corcia Meloni və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirak edəcəyi gözlənilirdi.

Xatırladaq ki, ötən il "BlackRock”un sədr müavini və fond layihəsinin əsas təşəbbüskarlarından biri olan Filip Hildbrand bildirmişdi ki, fond Almaniya, İtaliya və Polşa hökumətləri tərəfindən dəstəklənən qurumlardan, inkişaf banklarından və donor təşkilatlardan ən azı 500 milyon dollar, eləcə də özəl investorlar tərəfindən 2 milyard dollar cəlb edə bilər.

Lakin "Bloomberg”in yazdığına görə, bu ilin yanvarında "BlackRock” artan qeyri-müəyyənlik və Ukraynanın gələcəyi ilə bağlı şübhələr fonunda institusional investorlarla danışıqları dayandırmaq qərarına gəlib.

Bu arada, mənbələr bildirir ki, Fransa "BlackRock”un təşəbbüsünü əvəz edəcək alternativ bir fond üzərində işləyir, lakin ABŞ-ın dəstəyi olmadan bu təşəbbüsün nə dərəcədə effektiv olacağı hələ aydın deyil.

Rusiyanın işğalından sonra Ukraynanın bərpası üçün lazım olan ümumi məbləğ 500 milyard avrodan çox qiymətləndirilir. Təkcə liman infrastrukturunun bərpası üçün minimum 1 milyard avroya ehtiyac var.

Eyni zamanda, "The Times” yazır ki, Ukraynanın bərpası prosesində dondurulmuş Rusiya aktivlərindən də istifadə olunacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->