Dünya 14:52 21.05.2020

ABŞ-ın başı dərddə: Çin və Rusiyanı durdurmaq çətin olacaq (ŞƏRH)

"Vaşinqtonda bu qənaətə gəliblər ki, Çin və Rusiya hər yerdə Amerikanın planlarını pozmaqla məşğuldur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
 
Politoloqun sözlərinə förə, "Blumberq” agentliyinin məlumatına görə, Çin informasiya savaşını gücləndirmək məqsədilə sosial mediada yeni layihələr həyata keçirir:
 


"Qərbin analitik mərkəzləri Çindən ötürülən dezinformasiyaların artdığını müşahidə etdiklərini bildirirlər. Bu sırada kiberhücumların da artdığı gələn xəbərlər arasındadır. Qərbin ancaq bir araşdırma mərkəzinin 25 aprel – 3 may tarixləri arasındakı qısa tədqiqatı nəticəsində Tvitterdə Çindən dezinformasiya yayan 1000-ə yaxın saxta hesab aşkarlandığı üzə çıxıb. Hər gün aşkarlanan oxşar hesabların sayı yüzlərlədir. Çin həmin şəbəkəni genişləndirmək siyasəti yürüdür. Mart və may aylarında həmin şəbəkə xüsusi fəallığı ilə seçilib. Bu o aylardır ki, koronavirus dünyada daha geniş yayılmışdı. Bu prosesdə Çin Mərkəzi Televiziyası və Çin Qlobal Televiziya Şəbəkəsi də fəal iştirak edir. Məlumatlar əsasən ingilis dilində yayılır. Qərbli mütəxəssislər hesab edirlər ki, Çin kiberhücumlar və saxta hesablar açıb dezinformasiya yaymaq təcrübəsini Rusiyadan öyrənib. Həqiqətən Rusiyada hakimiyyətə bağlı internet resurslar kiberhücumlar və saxta xəbər yaymaqda Amerikada və Avropa ölkələrində "ad qazanıblar”. Çin Xarici İşlər Nazirliyi kiberhücumlarla bağlı ittihamları rədd edir. Eyni açıqlamanı illərdir Rusiya Xarici İşlər Nazirliyi də səsləndirir. Ancaq reallığın fərqli olduğunu hamı bilir. Yayılan xəbərlərdə yalnız Qərb ölkələri deyil, Honkonqda Pekin əleyhinə mitinq və küçə yürüşləri təşkil edənlər də hədəf götürülür”.

Politoloq qeyd edib ki, ABŞ Dövlət Departamenti növbəti analitik hesabatını yayınlayıb və həmin hesabatda Amerikanın Çin və Rusiyaya qarşı strateji rəqabətinin ana xətlərini müəyyənləşdirib:

"Hesabatda yazılır ki, Çinin və Rusiyanın hərbi və texnoloji inklişafı Amerika və liberal dünya üçün ciddi təhlükə yaradır. Vaşinqtonda bu qənaətə gəliblər ki, Çin və Rusiya hər yerdə Amerikanın planlarını pozmaqla məşğuldur. O da maraqlıdır ki, hesabatda hər iki ölkə faktiki Amerikaya bərabər səviyyəli rəqib kimi dəyərləndirilib. Halbuki, son illərə qədər Rusiya Amerikanın rəqibi sayılmırdı. SSRİ dağıldıqdan sonra müstəqilliyini qazanan Rusiya Amerika ilə ayaqlaşa bilmirdi. Tam tərsinə, ağıq iqtisadi vəziyyətdə olan Rusiya Amerikadan maliyyə yardımı xahiş edirdi. Vladimir Putinin hakimiyyətə gəlişi ilə durum dəyişdi. Rusiyanın Gürcüstanla apardığı müharibə, Krımı ilhaq etməsi və Suriyaya qoşunlarını yeritməsi Amerikanın Kremlə baxışını dəyişdirdi. Hazırda Rusiya Amerika üçün Çin qədər ciddi başağrısıdır. 

Hesabatda bunlar qeyd edilib: "Çin və Rusiya beynəlxalq nizama qarşı çıxırlar. Pekin və Moskva Amerikanın siyasi sisteminə təhdid yaradırlar. Ona görə də Amerika bu iki dövlətin yaratdığı problemlərin həllinə yaradıcı yanaşmalıdır. Çinin və Rusiyanın dünyadakı liberal dəyərlərə yönəlik dağıdıcı siyasətinə qarşı tutarlı addımlar atmalıyıq. Hər iki dövlət iqtisadi və hərbi texnologiyaların oğurlanmasıyla da məşğuldur. Digər tərəfdən Çin və Rusiya son 20 il ərzində geosiyasi güclərini artırıblar. Bu da Amerikanın maraqları əleyhinə yönəlib”.

Hesabat müəllifləri hesab edirlər ki, Rusiya Amerikanın formalaşdırdığı təkqütblü dünyanı çoxqütblü dünyaya çevirmək istəyir. Aydındır ki, Rusiya SSRİ kimi Amerikaya meydan oxuyub ikiqütblü dünya formalaşdıra bilməyəcək. Ona görə də Kreml müxtəlif dövlətlərlə müxtəlif birliklər formalaşdıraraq Amerikanın bölgələrdəki maraqlarını neytrallaşdırmağa çalışır. Bu prosesdə Çin Rusiyanın təbii müttəfiqidir. 

Hesabat müəllifləri Rusiyanın yaxın qonşularını öz orbitinə çəkməyə çalışdığı qənaətindədirlər. Bu, siyasi yolla alınmadıqda hərbi yola üstünlük verir. Gürcüstan və Ukrayna bunun bariz nümunəsidir. Hesabat müəllifləri hesab edirlər ki, Kremlin digər hədəfi Avropa ölkələri ilə Amerikanın arasını vurmağa çalışmasıdır”. 

Elxan Şahinoğlu bildirib ki, Dövlət Departamenti bu tezislərdən çıxış edərək Çin və Rusiya ilə iki prinsip əsasında mübarizə aparılmasını vacib sayır: 

"Birincisi, Amerika diplomatiyası elə etməlidir ki, Vaşinqtonun tərəfdaşları Rusiya və Çinin təsiri altına düşməsinlər. Bu məqsədlə Amerikanın tərəfdaş ölkələrlə siyasi və iqtisadi əlaqələrini gücləndirməsi tövsiyə edilir. 

İkincisi, təklif edilir ki, Amerika tərəfdaş ölkələrə silah və hərbi texnika satışını gücləndirsin. Çünki Çin və Rusiya silah bazarında ildən-ilə fəallaşır. Yəni bu iki ölkə boşluğu dolduqmaq üçün bütün imkanlarını səfərbər ediblər. Dövlət Departamenti təklif edir ki, Vaşinqton tərəfdaşlarını silah bazarında Çin və Rusiyanın aqressiv siyasətindən daha fəal şəkildə qorusun. 

Beləliklə, Dövlət Departamenti həyəcan təbili çalır, dünyanı Çin və Rusiyanın aqressiv siyasətindən qorumağa çalışır. Ancaq bu siyasəti kim reallaşdıracaq? ABŞ preziedenti Donald Trampın əsas şüarı və hədəfi "birinci növbədə Amerikadır”. Ağ Ev sahibini Amerikanın tərəfdaş dövlətlərini Çin və Rusiyanın ambisiyalarından qorumaq kimi dərdi yoxdur. Belə olan halda Çin və Rusiyanı durdurmaq çətin olacaq. Ancaq koronavirus epidemiyası Çinlə Rusiyanın gücünün və təsir imkanlarının məhdud olduğunu da göstərdi”.

Bahar Rüstəmli