Siyasət 14:58 30.10.2019

ABŞ-ın "erməni soyqırımı" layihəsi: Siyasi gediş, yoxsa Türkiyəyə ağır zərbə? (RƏYLƏR)

"Türkiyənin Suriya sərhədində keçirdiyi hərbi əməliyyatlardan sonra ABŞ-ın belə qərarlar qəbul edəcəyi gözlənilən idi". 

Bu sözləri Qayraninfo-ya politoloq Arzu Nağıyev ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarına şərhində bildirib. 

Siyasi ekspert ABŞ-ın bu məsələni Türkiyəyə qarşı təzyiq mexanizmi kimi istifadə etdiyini vurğulayıb:
 


"Ermənilər nə qədər bunu erməni lobbisinin qələbəsi kimi qələbə versələrə də, bu, absurd məsələdir. Çünki ABŞ Konqresində Nümayəndələr Palatası və Senat var. Nümayəndələr Palatası böyük səs çoxluğu ilə bu qərarı qəbul edibsə, əleyhinə 11 nəfər səs veribsə, demək ki, bu, siyasi gedişdir; tapşırıq əsasında olan məsələdir ki, təzyiq mexanizmi olaraq bu variantdan da istifadə olunsun. Ancaq bu qərar hələ Senata çıxarılmalıdır. Senat da bütün ştatların nümayəndəsi deməkdir. Daha sonra ABŞ Prezidenti cənab Tramp tərəfindən imzalanmalıdır. Yəni, bu, uzun çəkəcək prosesdir. Sadəcə olaraq, bu, Türkiyəyə mesajdır ki, biz bu sanksiyalara da başlamışıq. 

Digər məsələ, bununla paralel iqtisadi sanksiyaların tətbiq olunmasıdır. Düşünürəm ki, buna da mühüm cavabı Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu "Bu, siyası addımdır", - deyərək bildirdi. ABŞ bundan siyasi gediş, təzyiq mexanizmi kimi istifadə edir. Türkiyə KİV-in yaydığı xəbərə görə, Trampla Ərdoğanın görüşü planlaşdırılır, mühüm məsələlər müzakirə olunacaq və bu məsələyə bir də qayıdılacaqdır. Sadəcə olaraq anlamaq lazımdır ki, bu, Türkiyəyə qarşı olan təzyiq mexanizmlərindən biridir və "soyqırım" məsələsi də bu vasitə kimi istifadə olunur. Çünki bütün dünyaya bəyan edilib ki, Türkiyə arxivləri bu gün açılmağa hazırdır, soyqırımla bağlı hər hansı suallar varsa, oradan bu materiallar götürülə bilər. Təəssüf ki, ermənilər bu məsələyə ikili yanaşaraq öz xeyirlərinə istifadə edirlər". 

Politoloq Qabil Hüseynli isə bildirib ki, bundan sonra başqa ölkələrin də bu addımı atacağı realdır: 
 


"Çox dəhşətli qərardır. Bu qərar Türkiyə üçün də, bütün dünya üçün də gözlənilməz oldu. ABŞ-ın Nümayəndələr Palatasının yekdilliklə qəbul etdiyi bu qərar ermənilərin Türkiyəyə qarşı təxribatlarını artıracaq. Artıq bundan sonra digər ölkələrin parlamentlərinin də bu soyqırım haqqında qərar qəbul edəcəkləri bəlkə də real görünür. Bundan istifadə edən ermənilər soyqırımın dünyada qəbul olunması üçün can atacaqlar, bundan sonra həlak olanların nəsillərindən qalanlar üçün təzminat istəmək kimi iddialar da irəli sürəcəklər. Çox təhlükəli addım oldu və Türkiyənin mövqeyinə ciddi zərbə vurdu". 

Qeyd edək ki, 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "kütləvi öldürülməsinin" "erməni soyqırımı" kimi tanınması ilə bağlı qərar ABŞ Nümayəndələr Palatasında əksəriyyətin dəstəkləməsiylə qəbul edilib. Demokratların hakim olduqları Nümayəndələr Palatasına təklif edilən layihənin lehinə 405 səs verilib. Əleyhinə cəmi 11 səs olub. Bu qərarda 1915-ci illə 1923-cü illər ərzində baş verən hadisələrərin "soyqırım" kimi qəbul edilməsi və belə anılması istənilir.

Röya Kərimli
Qaynarinfo