Dünya 13:42 03.08.2018

ABŞ kəşfiyyatı şokda: səfirlikdə 10 ildən artıq çalışan işçi rus cəsusu çıxdı

ABŞ kəşfiyyat orqanları Moskvadakı ABŞ səfirliyində rus cəsus aşkarlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Məlumatda qeyd olunur ki, Rusiya Kəşfiyyatına xidmət edən bir cəsus qadın 10 ildən artıq səfirlikdə çalışıb və qurumun internet və e-mail hesablarına girişə sahib olub. Bu isə prezidentin və vitse-prezidentin proqramlarına dair ən məxfi məlumatlardan xəbərdar olmaq deməkdir.

Bildirilir ki, 2016-cı ildə ABŞ Dövlət Departamentinin Regional Təhlükəsizlik İdarəsinin (RSO) 2 müstəntiqi tərəfindən aparılan yoxlamalar zamanı qadından şübhələnilib və onun bu illər ərzində FSB ilə müntəzəm əlaqədə olduğu öyrənilib. Lakin ABŞ Dövlət Departamentinin Regional Təhlükəsizlik İdarəsi (RSO) 2017-ci ilin yanvarında həyəcan siqnalı versə də, Gizli Servis öz nüfuzuna xələl gəlməməsi üçün geniş miqyaslı araşdırma başlatmayıb.

Mənbənin "The Guardian"a verdiyi informasiyaya görə, həmin qadın ötən ilin yayında işdən çıxarılıb. Onun işdən çıxarılması Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin ardından Kremlin Moskvadakı ABŞ səfirliyinin işçilərinin sayını azaltma barədə tələbindən sonra olub.

Mənbə Gizli Servisin bu məlumatı ciddi cəhdlə gizlətmək istədiyini vurğulayıb.
 
"Çünki bir səfirlikdə rus cəsusun olduğunun aşkara çıxması dünyanın müxtəlif ölkələrindəki ABŞ səfirliklərinin təhlükəsizliyini təmin edən Gizli Servisin imicinə böyük zərbə vura bilər", - deyə o, bildirib.

"The Guardian" şübhəlinin kimliyinin onlara bəlli olduğunu, lakin müəyyən səbəblərdən adını açıqlamadıqlarını qeyd edib.

Gizli Servisdən isə informasiyanın həqiqətə uyğun olmadığı və heç bir səfirlikdə xarici ölkə vətəndaşlarının milli təhlükəsizliyə aid informasiyalardan istifadə edilməsinə icazə verilmədiyi bildirilib. Gizli Servisin rəsmi saytında yayımlanan bir məlumatda isə anonim mənbəyə istinad edildiyindən "The Guardian"ın xəbərinin əsassız hesab edildiyi qeyd olunub.