ABŞ London müdafiə xərclərini artırmasa, Böyük Britaniyanı Malvin (Folklend) adalarının mənsubiyyəti məsələsində mövqeyinə yenidən baxmaqla hədələyə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Telegraph" qəzeti yüksəkvəzifəli amerikalı məmura istinadən yazıb.
Nəşrin məlumatına görə, Vaşinqton rəsmi olaraq neytral mövqe tutur və arxipelaq üzərində suverenliyi nə Böyük Britaniyanın, nə də Argentinanın tanıyır. Bununla belə, ABŞ adaların faktiki olaraq Britaniya tərəfindən idarə edilməsini qəbul edir.
Qeyd olunur ki, Pentaqon NATO ölkələrini müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə təşviq etmək üçün tədbirlər hazırlayır.
Qəzetin həmsöhbəti bildirib ki, Vaşinqton Böyük Britaniyanı hərbi sahədə ABŞ-ın potensial aparıcı tərəfdaşı hesab edir. Lakin məmurun sözlərinə görə, Londonun iyun ayında müdafiəyə investisiyaların artırılması ilə bağlı açıqladığı planlar hələlik ABŞ tərəfini tam qane etmir.
O, bu vəziyyət fonunda ABŞ-ın Folklend adaları ilə bağlı mövqeyinə yenidən baxa biləcəyini istisna etməyib.
Malvin (Folklend) adaları Argentina ilə Böyük Britaniya arasında mübahisəli ərazidir. 1982-ci ildə ölkələr arasında Argentina tərəfinin məğlubiyyəti ilə nəticələnən silahlı münaqişə baş verib. 2013-cü ildə adaların sakinləri Böyük Britaniyanın dənizaşırı ərazisi statusunun lehinə səs veriblər. Səsvermədə seçicilərin 99,8 faizi bu statusu dəstəkləyib.
Aydın
Şərhlər