Xəbər lenti

ABŞ Qarabağda gedən proseslərlə bağlı Türkiyədən məlumat almaq istəyir
Siyasət 17:05 28.10.2021

ABŞ Qarabağda gedən proseslərlə bağlı Türkiyədən məlumat almaq istəyir

"ABŞ rəhbərliyi post-müharibə dövründə Qarabağda gedən proseslərlə bağlı Türkiyədən məlumat almaq istəyir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov Böyük Britaniyanın Qlazqo şəhərində keçiriləcək İqlim Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında ehtimal edilən ikitərəfli görüşü dəyərləndirərkən deyib.
 
Həmsöhbətimizin fikrincə, onlar arasında əsas müzakirə mövzusu sözsüz ki, ikitərəfli münasibətlər məsələsi olacaq: 

"ABŞ-la Türkiyə arasında müzakirə ediləsi məsələlər çoxdur. Burada Vaşinqton-Ankara münasibətləri xüsusi yer tutur. Görüşdə ilk müzakirə olunan məsələ yəqin ki, ABŞ Türkiyə münasibətlərinin hansı məcrada inkişaf etməsi olacaq. Hərbi-siyasi sahədə əməkdaşlığın perspektivi diqqət mərkəzində ola bilər. Onu da qeyd edim ki, BMT-nin Baş Assambleyasında iştirakı fonunda Ərdoğanın Baydenlə görüşü olmalı idi, amma baş tutmadı və bu, Ərdoğanı məyus etmişdi”. 

Digər tərəfdən, F. Məmmədova görə, üçüncü dövlətlərdə fəaliyyətlər müzakirə predmeti ola bilər: 

"Məsələn, Əfqanıstan, Suriya, Liviya ətrafında cərəyan edən mövzular Baydenlə Ərdoğanın görüşündə daha çox aktuallıq kəsb edir, nəinki Cənubi Qafqazda gedən proseslər”. 

Ekspertin sözlərinə görə, bölgəmizdə post-müharibə dövründə gedən proseslərlə bağlı Ağ Ev ən dolğun və obyektiv məlumatı məhz Ankaradan ala bilər:  
"Bu da olduqca vacib məsələdir. Çünki ABŞ rəhbərliyi post-müharibə dövründə gedən proseslərlə bağlı məhz Türkiyədən məlumat almaq istəyir. Bu günlərdə Azərbaycan Prezidentilə Türkiyə Prezidentinin baş tutan görüşündə böyük ehtimalla Baydenlə görüş zamanı Ərdoğanın Ermənistan-Azərbaycan münasibətlərinə aid olan vaxt ərzində hansı mesajları çatdırması da müzakirə olunub. Çünki Ankara ilə Bakı xarici siyasətdə birgə fəaliyyət göstərir ki, bu platforma da kifayət qədər səmərəlidir. Həmçinin görüşdə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsinin müzakirəsi də istisna deyil”. 
Qeyd edək ki, mətbuatın yazdığına görə, Türkiyə prezidentinin sözçüsu İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında Qlazqo İqlim Sammiti çərçivəsində keçiriləcək ikitərəfli görüşün gündəliyi müzakirə edilib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->