Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası 6 mart 2018-ci il tarixində "Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda Milli teatr gününə həsr olunmuş tələbə elmi konfransı keçirəcək.
Qaynarinfo xəbər verir ki, konfransın açılışı 6 mart 2018-ci il tarixində, saat 10.30-da ADMİU-nun əsas binasında "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”nin konfrans zalında (1-ci mərtəbə) olacaq (Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39).
Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə və Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə açacaq.
Konfransda ADMİU-nun Teatr sənəti fakültəsinin Teatrşünaslıq ixtisasının III kurs tələbələri (kurs rəhbəri dosent Vidadi Qafarov) çıxış edəcək.
Konfransda Sənubər Həşimova "Orta əsrlərdə dini tamaşalar: janr təsnifatı”, Əli Hacılı "Şərq ənənəvi teatr mədəniyyətində aktyor sənəti”, Fidan Hacıyeva "Postdramatik teatrda aktyor sənəti”, Kənan Kərimli "Yeji Qrotovskinin yoxsul teatr konsepsiyası”, Elvin Ağasıyev "Qordon Kreqin teatr sistemində aktyor sənəti” mövzusunda məruzələrlə çıxış edəcəklər. Konfrans Vidadi Qafarovun "Aktyor sənəti – postdramatik teatrdan əvvəl və sonra” adlı məruzəsi ilə yekunlaşacaq.
ADMİU-nun Teatrşünaslıq kafedrasının keçirdiyi konfrans çox mühüm elmi-nəzəri bir mövzunu gündəmə gətirmək, teatr sənətində aktyor sənətinin inkişaf tendensiyalarını təhlil etməklə yanaşı, tələbələrdə araşdırma vərdişlərini formalaşdırmaq, onların tədqiqatçılıq səriştələrini artırmaq məqsədini qarşıya qoyub.
Şərhlər