Artıq iki aya yaxındır ki, futbol üzrə Azərbaycan millisinin "sükan”ı boş qalıb. AFFA rəhbərliyi dekabrın sonları, yanvarın əvvəllərində yeni baş məşqçinin adının açıqlanacağını bəyan etsə də, bu, baş vermədi.
Milli komandanı bir neçə oyunu Bakıda təşkil olunacaq AÇ-2020-nin final mərhələsində görmək istəyən AFFA rəhbərliyinin axtarışları nəticəsiz qalır. Daha doğrusu, danışıqları. Qurban Qurbanovu millinin baş məşqçi postundan göndərən federasiya başbilənləri, "sükan”ı əcnəbi mütəxəssisə tapşırmaq istəyir. Amma İtaliyadan tutmuş, Türkiyəyə qədər, bütün axtarışlar, danışıqlar hələ ki, nəticəsiz qalıb.
Komanda.az-ın əldə etdiyi məlumata görə, vaxtın getdikcə daralması, xarici mütəxəssislərlə anlaşmaqda çətinliyin yaranması AFFA-nı da ciddi şəkildə narahat etməyə başlayıb. Milli komandanın hazırlığına nəzarət etmək, hansısa futbolçuları diqqətdə saxlamaq, ən vacibi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, martın 21-də Xorvatiya ilə səfər matçı üçün və ya bu oyunadək kimsə "sükan arxasında” olmalıdır. Bütün bunları nəzərə alan federasiya rəhbərliyi milli komandanı müvəqqəti olaraq AFFA Məşqçilər Komitəsinin üzvlərindən birinə, konkret, Şahin Diniyevə tapşırmaq istəyir. Diniyev əvvəllər də Azərbaycan yığmasını çalışdırıb. Federasiya rəhbərliyi Diniyevə müvəqqəti güvənərək, Məşqçilər Komitəsinin digər üzvlərinin – xüsusilə də, Vaqif Sadıqovla Ağasəlim Mircavadovun ona yardım etməsini planlaşdırır. Təbii ki, bu plan hansısa əcnəbi məşqçiylə anlaşma olmayacağı halda işə düşəcək. Yanvarın sonuna kimi əcnəbi mütəxəssislə müqavilə imzalanmasa, federasiyanın Şahin Diniyevin müvəqqəti baş məşqçiliyini açıqlayacağı gözlənilir.
Şərhlər