BMT Baş Assambleyası cümə günü dünya xəritələrində ənənəvi Merkator proyeksiyasından mərhələli şəkildə imtina edilməsi və Afrikanın ölçüsünü daha dəqiq əks etdirən xəritədən istifadəyə keçidlə bağlı qətnamə layihəsinə səs verəcək.
Qaynarinfo-nun məlumatına görə, Toqonun xarici işlər naziri Robert Dussey bildirib ki, qətnamə Toqonun təşəbbüsü ilə hazırlanıb və Afrika İttifaqının 54 digər üzvü də daxil olmaqla bir sıra ölkələr tərəfindən dəstəklənib. O, qətnaməni dəstəkləyən ölkələrin ümumi sayını açıqlamayıb.
“Bu müzakirə siyasi deyil, elmi müzakirədir. Çünki bunun elmi sübutu var və hamımız reallığı qəbul etməliyik”, deyə Dussey bildirib.

1973-cü il Gall-Peters dünya xəritəsi Merkatora alternativ olaraq istifadə edilib
BMT Baş Assambleyasının qətnamələri məcburi hüquqi qüvvəyə malik deyil. Lakin sənəd qəbul edilərsə, təhsil, texnologiya və dövlət idarəçiliyində Merkator proyeksiyasından geniş istifadə edildiyinə görə məktəb proqramlarının və gündəlik texnologiyaların yenilənməsinə təkan verə bilər.
Flamand kartoqraf Gerardus Merkatorun 1569-cu ildə hazırladığı xəritə dənizçilərin naviqasiyasını asanlaşdırmaq məqsədi daşıyırdı. Təxminən beş əsr keçməsinə baxmayaraq, bu proyeksiya hələ də dünyanın ən geniş yayılmış xəritə standartlarından biridir.
Lakin proyeksiyanın xüsusiyyətlərinə görə ekvatora yaxın ərazilər həqiqi ölçülərindən əhəmiyyətli dərəcədə kiçik, yüksək enliklərdə yerləşən ərazilər isə daha böyük görünür. Məsələn, Merkator xəritəsində Afrika Qrenlandiya ilə təxminən eyni ölçüdə göstərilir. Halbuki Afrika Danimarkaya məxsus Qrenlandiyadan 14 dəfə böyükdür.

1595-1602-ci illər arasında Merkator atlasından götürülmüş Afrika xəritəsi
#CorrectTheMap kampaniyasının Change.org platformasında yerləşdirilən və 11 mindən çox insanın imzaladığı petisiyada bildirilir ki, Afrikanın ərazisinə ABŞ, Çin, Hindistan, Yaponiya, Meksika və Avropanın böyük hissəsini yerləşdirmək, bununla belə, müəyyən qədər boş torpaq sahəsi saxlamaq mümkündür.
Afrika İttifaqı 2025-ci ilin avqustunda kampaniyanı dəstəkləyib və daha sonra onun BMT-də qəbul edilməsinə rəhbərlik etməyi Toqodan xahiş edib.
Tarixçilər və coğrafiyaşünaslar uzun illərdir Merkator proyeksiyasının Qərb stereotiplərindən qaynaqlandığını bildirirlər. Aktivistlər də bu fikri dəstəkləyir və bəziləri “kartoqrafik müstəmləkəçilik” ifadəsindən istifadə edirlər.

2018-ci il Bərabər Yer Xəritəsi
Tənqidçilərin fikrincə, xəritə qlobal cənubun fiziki ölçüsünü kiçildərək, şimal yarımkürəsindəki ölkələri isə vizual olaraq böyüdərək beynəlxalq güc münasibətlərinə dolayı təsir göstərib. Onlar bunun beynəlxalq ticarət, inkişaf prioritetləri və təhsil sistemlərində mövcud olan struktur qərəzləri gücləndirdiyini düşünürlər.
Merkator proyeksiyasının ən tanınmış tənqidçilərindən biri alman tarixçisi Arno Peters olub. O, 1973-cü ildə Qall-Piters proyeksiyası əsasında hazırlanan Peters dünya xəritəsini təqdim edib. Bu xəritə uzun müddət Merkator xəritəsinə alternativ kimi istifadə olunub.
Toqonun #CorrectTheMap kampaniyası isə 2018-ci ildə beynəlxalq kartoqraflar qrupu tərəfindən hazırlanmış “Equal Earth” xəritəsindən istifadəyə təşviq edir. Kampaniyanın tərəfdarları hesab edirlər ki, bu xəritə Afrika ilə bağlı formalaşmış təsəvvürlərin dəyişdirilməsinə və qlobal təhsil proqramlarının dekolonizasiyasına kömək edə bilər.
Geosiyasi risklər üzrə məsləhətçi “JS Held” şirkətinin Londonda fəaliyyət göstərən baş əməkdaşı JJ Enoch da Merkator proyeksiyasının Afrikanın həqiqi ölçüsünü vizual olaraq kiçiltməsi ilə bağlı fikirlərlə razıdır.
Onun sözlərinə görə, kampaniya Afrika ölkələrinin “qlobal institutlarda daha böyük təsir və qitənin necə təqdim olunmasına daha çox nəzarət” əldə etmək istəyinin bir hissəsidir.
Enoch əlavə edib ki, bərabər sahəli xəritənin qəbul edilməsi təhsil və ictimai məlumatlılıq üçün daha dəqiq əsas yarada, eyni zamanda Afrikanın demoqrafik, iqtisadi və geosiyasi əhəmiyyətinin tarixi və təhrif olunmuş təsəvvürlər əsasında qiymətləndirilməməli olduğuna dair mesaj verə bilər.
Toqo hakimiyyəti qətnamə üzrə səsvermənin bu il BMT-də Afrika İttifaqının dəstəklədiyi digər təşəbbüsün nəticəsinə bənzər şəkildə başa çatacağına ümid edir.
Mart ayında Qananın təşəbbüsü ilə irəli sürülən və qul ticarətinin “bəşəriyyətə qarşı ən ağır cinayət” kimi tanınmasını nəzərdə tutan qətnamə qəbul edilib. Səsvermədə 123 ölkə lehinə çıxış edib, üç ölkə əleyhinə səs verib, 52 ölkə bitərəf qalıb.
Qananın uğuru xəritə təşəbbüsünün tərəfdarlarını qətnamənin qəbul ediləcəyinə ümidləndirib. Toqo hökuməti gələn ilin ilk rübündə paytaxt Lomede “UNESCO”, Afrika İttifaqı və “Google Maps” kimi texnologiya şirkətlərinin iştirakı ilə tədbir keçirməyi planlaşdırır. Tədbirdə qətnamənin icrası məsələləri müzakirə olunacaq.
Dussey deyib: “İndi niyə?” deyənlərə cavabım budur: “Niyə də yox? Dünya xəritəsinə baxdığımız zaman narrativi dəyişdirməyin vaxtının çatdığını görürük”.
O əlavə edib: “Afrikada özümüzün dəyişdirə biləcəyimiz şeyləri dəyişdirmək məsuliyyətini üzərimizə götürməyin vaxtıdır”.
Aydın
Şərhlər