NASA alimləri müəyyən ediblər ki, ağacların vaxtsız və güclü yaşıllaşması vulkan püskürməsindən əvvəl xəbərdarlıq siqnalı ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "El Diario 24" nəşri məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, mövcud vulkan proqnozlaşdırma üsulları bir çox hallarda kifayət qədər etibarlı deyil. Seysmik cihazlar sıradan çıxa, peyklər isə hava şəraiti səbəbindən məhdudiyyətlərlə üzləşə bilər. Belə vəziyyətlərdə vaxt itkisi insan həyatı üçün təhlükə yaradır. NASA alimləri isə yeni yanaşma təklif edirlər - ağacların rəng dəyişikliyini müşahidə etmək.
"Biz gördük ki, vulkan püskürməsindən əvvəl ağaclar adi vaxtdan daha intensiv şəkildə yaşıl rəng alır", deyə NASA-da bildirilib.
Bu hal maqmadan havaya yayılan artıq karbon qazı ilə izah olunur. CO₂-nin yüksəlməsi bitkilərin böyüməsini sürətləndirir və bu dəyişikliklər peyk vasitəsilə NDVI (Normalized Difference Vegetation Index) göstəricisi ilə qeydə alınır.
Metod artıq öz səmərəsini göstərib. 2017-ci ilin sonunda Filippindəki Mayon vulkanı yaxınlığında ağacların kəskin yaşıllaşması qeydə alınıb. Bu əlamət hökumət qurumlarının vaxtında qərar qəbul etməsinə imkan verib və nəticədə 56 mindən çox insan təhlükəsiz şəkildə təxliyə edilib.
Alimlər vurğulayır ki, bu üsul ənənəvi metodların əvəzləyicisi deyil, lakin əlavə, daha sərfəli və tez xəbərdarlıq imkanı yaradan vasitədir. Hazırda onlar bitki örtüyündəki dəyişikliklərin zəlzələlər və iqlim stresləri ilə də əlaqəsini öyrənməyi planlaşdırırlar.
Aydın
Şərhlər