Xəbər lenti

Aİ-92 markalı benzinin qiyməti 5, dizelin qiyməti 10 qəpik artırıldı
Ekonomiks 14:49 30.12.2025

Aİ-92 markalı benzinin qiyməti 5, dizelin qiyməti 10 qəpik artırıldı

Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Tarif Şurasının məlumatında bildirilib.

Məlumatda qeyd olunur ki, son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olub.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla "İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.

Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.

Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.
--> -->