Xəbər lenti

Əməkdar artistin istəyi gerçəkləşdi: Biləcəridə xüsusi aptek açıldı
Ölkə 15:47 30.12.2025

Əməkdar artistin istəyi gerçəkləşdi: Biləcəridə xüsusi aptek açıldı

Növbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata alan Əməkdar artist Rəhman Rəhmanovun istəyi yerinə yetirilib.

Aktyor Qaynarinfo-ya açıqlamasında Biləcəridə şəkər xəstələri üçün aptek açıldığını bildirib:
 
"Biləcərinin mərkəzində aptek istifadəyə verilib. Biləcəridə yaşayan 2500 şəkər xəstəsi məsələ qaldırmışdıq ki, dərman almaq üçün 9-cu mikrorayona gedirik. Əziyyət çəkirdik, saatlarla növbədə dayanırdıq, sonra məlum olurdu ki, dərman yoxdur. Yaşlı və xəstə adamlar əziyyət çəkirdi. Sağ olsunlar, biz mətbuat vasitəsi ilə məsələni qaldırdıq, Səhiyyə Nazirliyi, Bakı Sağlamlıq Mərkəzi də eşitdilər və Biləcəridə şəkər xəstələri üçün aptek açdılar”.

Rəhman Rəhmanov hazırda 2500 şəkər xəstəsinin oradan dərman aldığını vurğulayıb:

"Səhv etmirəmsə, Binəqədidən də gələn xəstələr var. Sağ olsunlar, bu gün həmin aptekdən dərman alan bütün şəkər xəstələri canıma dua oxuyur”.
 
Xatırladaq ki, Əməkdar artist Rəhman Rəhmanov şəkər xəstəliyindən əziyyət çəkir. Bir müddət öncə aktyor səhhəti ilə əlaqədar növbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata aldığını açıqlamışdı.

Bahar Rüstəmli
--> -->