Texnologiya 16:46 06.12.2019

Aİ-dən "Facebook" və ortaqlarına böyük zərbə

Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri "Facebook"un Libra kriptovalyutası və ya digər steyblkoinlərin Avropa İttifaqında istifadə olunmasına qadağa qoymaq qərarına gəliblər.

Qaynarinfo reuters-ə istinadən xəbər verir ki, rəsmilər hazırda yeni ödəniş vasitəsinin ortaya çıxmasından sonra hansı risklərin olacağını proqnozlaşdırmağın mümkün olmadığını bildirirlər. Beləliklə Avropa İttifaqında kriptovalyutaların tənzimlənmə mexanizmlərinin hazırlanması qərara alınıb. Aİ-nin maliyyə işləri üzrə komissarı Valdis Dombroviskis artıq bununla bağlı müvafiq işlərin görüldüyünü deyib. Eyni zamanda Brüssel özəl şirkətlərin kriptovalyutalarına qarşı alternativ olaraq öz rəqəmsal valyutasını inkişaf etdirir.

Qeyd edək ki, "Facebook" Libra valyutasını 2020-ci ilin iyununda istifadəyə verməyi planlaşdırır. Yeni kriptovalyutanın yaradılmasında sosial şəbəkə nəhəngi ilə yanaşı daha 20 şirkət iştirak edir. Lakin Libranın perspektivləri Mastercard və Visa-nın bu təşəbbüsdən ayrılmasından sonra pisləşib. Buna baxmayaraq digər ortaqlar kriptovalyutanı inkişaf etdirməkdə qərarlıdırlar.
 
Camal