Xəbər lenti

Aİ lüks moda nəhənglərinin satılmayan məhsulları məhv etməsinə qadağa qoydu
Dünya 18:45 21.07.2026

Aİ lüks moda nəhənglərinin satılmayan məhsulları məhv etməsinə qadağa qoydu

Avropa İttifaqı "LVMH", "Prada", "Chanel" və "Inditex" kimi qlobal moda şirkətlərinin satılmayan geyim və ayaqqabıları məhv etməsini qadağan edən yeni qaydanı qüvvəyə mindirib. 

Qaynarinfo xəbər verir ki, sənayedə mühüm dəyişiklik yaradacağı gözlənilən bu qərar şirkətləri ehtiyatların idarə olunması və istehsal strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edəcək.

Qıtlıq imici yaratmaq strategiyasına zərbə

Yeni qaydanın xüsusilə lüks moda brendləri üçün həssas məsələyə toxunduğu bildirilir. Çünki bu şirkətlər bazarda məhsulların əlçatanlığını məhdudlaşdıraraq onları daha eksklüziv göstərmək və beləliklə "arzulanan marka" imicini qorumaq üçün bəzən satılmayan məhsulları dövriyyədən çıxarırdılar.

Yeni tənzimləmə ilə şirkətlər qarşısında üç seçim qalır: yüksək anbar xərclərini qəbul etmək, ciddi nəzarət edilən endirim kanallarını genişləndirmək və ya əvvəldən daha az məhsul istehsal etmək.

"Chanel" nümunəsi

Bu həftə keçirilən məhkəmə prosesində məlum olub ki, "Chanel" uzun illər Honq-Konqda satılmayan minlərlə məhsulu mütəmadi şəkildə məhv edib.

Şirkət isə "Financial Times"a açıqlamasında məhkəmədə təqdim olunan rəqəmlərin hazırkı qlobal fəaliyyətini əks etdirmədiyini bildirib. "Chanel" qeyd edib ki, satılmayan məhsullar 2019-cu ildə yaratdığı "L’Atelier des Matières" adlı təkrar emal şirkəti vasitəsilə emal olunur və materiallar yenidən dövri istehsal zəncirinə qaytarılır.

Hər il yüz minlərlə ton tekstil tullantıya çevrilirdi

Avropa Ətraf Mühit Agentliyinin (EEA) məlumatına görə, Avropada bazara çıxarılan tekstil məhsullarının 4-9 faizi, yəni ildə təxminən 264 min–594 min ton məhsul istifadə olunmadan məhv edilir.

Rəsmi məlumatlar açıqlanmadığı üçün bu tullantıların nə qədərinin lüks brendlərə, nə qədərinin isə sürətli moda ("fast fashion") şirkətlərinə aid olduğu dəqiq məlum deyil.

Qadağa nələri əhatə edir?

Həddindən artıq istehsalın qarşısını almaq, tullantıları azaltmaq və xammaldan daha səmərəli istifadəni təşviq etmək məqsədilə 2024-cü ildə qəbul edilən qaydalar iyulun 19-dan qüvvəyə minib.

Bundan sonra iri şirkətlər satılmayan və ya müştərilər tərəfindən geri qaytarılan geyim, aksesuar və ayaqqabıları yandıra və ya poliqonlara göndərə bilməyəcək. Yeni qaydalar məhsulların bağışlanmasını, təmir olunmasını və yenidən istifadəsini təşviq edir.

Yalnız məhsullar insan sağlamlığı və təhlükəsizliyi üçün risk yaratdıqda, saxta olduqda və ya təmir olunmayacaq dərəcədə zədələndikdə onların məhv edilməsinə icazə veriləcək.

Lüks brendlər üçün yeni risklər

Mütəxəssislərin fikrincə, bağışlama və təkrar istifadə kütləvi moda bazarında ikinci əl və "upcycling" imkanlarını genişləndirə bilər. Lakin lüks brendlər üçün bu, ciddi problemlər yarada bilər.

Satılmayan məhsulların "outlet" mağazalarına, xeyriyyə şəbəkələrinə və ya ikinci əl bazarına çıxması yüksək endirimlərin artmasına və qeyri-rəsmi satış kanallarının genişlənməsinə səbəb ola bilər. Bundan əlavə, təmir, saxlanma və materialların təkrar emalı şirkətlərin əməliyyat xərclərini artıracaq.

"Süni zəka və daha dəqiq planlama əsas həll olacaq"

"Italyan" sənaye təşkilatı "Altagamma" və "Bain" şirkətinin məlumatına görə, zəifləyən tələbat və artan ehtiyatlar səbəbindən 2025-ci ildə lüks məhsulların təxminən 40 faizi endirimlə satılıb.

"Bernstein" analitiki Luka Solkanın sözlərinə görə, yeni qaydalar şirkətləri planlama və ehtiyatların idarə edilməsinə daha ciddi yanaşmağa vadar edəcək.

"Xüsusilə geyim sektorunda mövsüm sonunda müəyyən həcmdə satılmayan məhsulun qalması qaçılmazdır. Buna görə də şirkətlər brend dəyərini qorumaqla endirim siyasətini daha peşəkar idarə etməli olacaqlar", deyə o bildirib.

Ekspertlər hesab edirlər ki, yeni dövrdə ehtiyatların real vaxt rejimində izlənməsi, tələbatın daha dəqiq proqnozlaşdırılması və mağazalarla anbarlar arasında məhsul axınının optimallaşdırılması üçün süni intellekt texnologiyalarından istifadə sürətlə artacaq.

"Heidrick & Struggles" şirkətinin Milan ofisinin tərəfdaşı Culia İutikone isə bildirib ki, satılmayan ehtiyatlar artıq təhlükəsizlik mexanizmi kimi istifadə oluna bilməyəcək və bu səbəbdən planlaşdırma keyfiyyəti şirkətlər üçün ən mühüm rəqabət üstünlüyünə çevriləcək.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->