İddialara görə, Avropa Komissiyası xərclərə qənaət məqsədilə bütün dünya üzrə Aİ missiyalarının işçilərini ixtisar etməyi və strateji əhəmiyyətli səfirlikləri gücləndirməyi təklif edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" daxili sənədə istinadən məlumat
yayıb.
İddialara görə, Avropa Komissiyası Aİ-nin bir çox nümayəndə heyətlərində ştatı əhəmiyyətli dərəcədə azaltmaq - xərcləri artırmadan strateji maraq doğuran ölkələrdə mövcudluğunu gücləndirmək planını irəli sürür.
Planlar Avropa Xarici Fəaliyyət Xidmətinin 2024-cü il üçün "şişmiş” büdcəsi və inflyasiya səbəbindən 2025-ci ildə xərclərin daha da artacağı perspektivləri fonunda gəlir.
"Status-kvonu saxlamaq seçim deyil... Aİ-nin yeni siyasi prioritetlərə daha yaxşı uyğunlaşan nümayəndəlik şəbəkəsinə ehtiyacı var və buna məhdud büdcə çərçivəsində nail olmaq lazımdır”, - Politico-nun əldə etdiyi sənəddə deyilir.
Avropa İttifaqının dünyanın müxtəlif ölkələrində cəmi 145 nümayəndəliyi var.
Xərclərin azaldılması planının bir hissəsi olaraq, onlar resursları namizəd ölkələrə və Aİ-nin yaxın qonşularına, G20 ölkələrinə, artan siyasi və ya iqtisadi əhəmiyyəti olan ölkələrə, eləcə də qeyri-sabitliyin Aİ maraqlarını təhdid etdiyi ölkələrə yönəltmək istəyirlər.
Planlarla tanış olan bəzi rəsmilər bunun Aİ-nin Afrika və Latın Amerikası kimi regionlarda təsirinin azalmasına səbəb olacağından narahat olduqlarını bildiriblər.
"Bu, Sudan və ya Niger kimi ölkələrdə kiçik nümayəndə heyətlərinin qalacağı anlamına gələrdi. Bu, yanlış mesaj olardı, xüsusən də indi xarici dünya ilə daha az maraqlanan ABŞ administrasiyasına malik olduğumuz zaman", - rəsmilərdən biri anonim olaraq xəbəri şərh edib.
Başqa bir mənbə bildirir ki, daxili yazışmalarda çoxları "Rusiya və ya Çin bizim yaratdığımız istənilən boşluğu dolduracaq” deyə narahatlığını ifadə edib.
Təklif, daha az əhəmiyyətli ölkələrdə öz səfirliklərinin geniş şəbəkəsinə malik olmayan və məlumatlı qalmaq və əlaqələr qurmaq üçün Aİ səfirliklərinə güvənən bəzi kiçik Aİ ölkələri tərəfindən də tənqidi şəkildə qarşılanır.
Planlar dekabrda müzakirə edilməli və Aİ-nin diplomatik xidmətinin yeni rəhbəri Kaya Kallas üçün ilk xoşagəlməz vəzifələrdən biri ola bilər.
Nizami Bağırov
Şərhlər