Xəbər lenti

Aİ tarixdə ən ağır meşə yanğınları mövsümünü yaşayır -
Dünya 16:16 22.08.2025

Aİ tarixdə ən ağır meşə yanğınları mövsümünü yaşayır - "Politico"

Avropa İttifaqında bu yay meşə yanğınlarının miqyası rekord həddə çatıb. 

Qaynarinfo xəbər verir ki, "Politico"nun Avropa Meşə Yanğınları Haqqında Məlumat Sisteminin (EFFIS) məlumatlarına əsasən verdiyi xəbərə görə, avqustun 21-nə olan vəziyyətə görə yanğınlar 1 milyon 16 min hektar ərazini məhv edib. Bu göstərici Kiprin sahəsini ötür və Belçikanın təxminən 1/3-nə bərabərdir.

EFFIS-in statistikasına görə, bu, 2006-cı ildən bəri ilk dəfədir ki, Aİ-də yanğınların sahəsi 1 milyon hektarı keçib. Əvvəlki ən pis mövsüm 2017-ci ildə qeydə alınmışdı – həmin vaxt 988 min hektar meşə yanmışdı.

Yanğınların təxminən üçdə ikisi avqustun 5-dən sonra baş verib. Əsas zərər Pireney yarımadasında qeydə alınıb. Təkcə İspaniyada 400 min hektardan çox, kiçik əraziyə malik Portuqaliyada isə 270 min hektardan artıq meşə yanıb ki, bu da ölkə ərazisinin 3 faizi deməkdir. İspaniya hökumətinin məlumatına görə, bu il 1994-dən bəri ən dağıdıcı mövsüm yaşanır.

Son həftələrdə hər iki ölkə güclü istilərdən əziyyət çəkib. İqlim dəyişikliyi istilik dalğalarının və quraqlıqların daha tez-tez və intensiv olmasına, bununla da yanğın riskinin artmasına səbəb olur. Lakin alimlərin sözlərinə görə, İspaniya və Portuqaliyadakı fəlakətli yanğınların əsas səbəblərindən biri də baxımsız qalan ərazilərdə yığılan yanıcı bitki örtüyü və hökumətlərin vaxtında profilaktik tədbirlər görməməsidir.

Yanğınların təhlükəsi yalnız meşələrin məhvində deyil, həm də insan sağlamlığında özünü göstərir. "The Guardian"ın yazdığına görə, yanğın tüstüsündəki zərərli hissəciklər düşündüyümüzdən qat-qat təhlükəlidir. 2004–2022-ci illər arasında Avropada hər il orta hesabla 535 nəfər PM2.5 adlı zərərli hissəciklərin təsirindən həyatını itirib.

Araşdırmalar göstərir ki, yanğın günlərində havadakı zərərli maddələrin səviyyəsi adi günlərə nisbətən üç dəfə yüksək ola bilər, üstəlik tüstü bağlı qapı və pəncərələrdən də evlərə sızaraq milyonlarla insana təsir edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->